28 iyul 2023 20:59
628

ÜZ QARASI …

Ölkəsinə qarşı sanksiya çağırışı edənin bir adı var – Vətən xaini

“Siyasi dələduzluğu” qazanca çevirən Tofiq Yaqublu bütün resurslarını səfərbər edib və and içib ki, gücü çatan yerə qədər, nə qədər xainlik var, hamısını edəcək. Radikalların zorən “eksperti” Tofiq Yaqublu növbəti dəfə özünün “siyasi analitik qabiliyyətini” ortaya qoyaraq ABŞ-ı və Avropa İttifaqını “Azərbaycana sanksiya tətbiq etməyə” çağırıb.

Gah “Mən hesab edirəm ki, Qarabağda yaşayan ermənilərə status verilməlidir”, deyən, gah “Fransanın ermənipərəst siyasəti bizə sərf edir”, - deyə söyləyən T.Yaqublunun Azərbaycana qarşı sansksiya çağırışı təəccüblü deyil. Maraqlısı budur ki, o və təmsil olunduğu qondarma “milli şura” indiyə qədər Ermənistana qarşı hər hansı bir sanksiya çağırışı ilə çıxış etməyib.  Bu insanların fəaliyyətinin bir istiqaməti var - Azərbaycana hansı yolla pislik etmək mümkündür... Görəsən, dünyada öz ölkəsinə qarşı sanksiya tətbiqi ilə çıxış və çağırış edən ikinci bir xain varmı?!

Tofiq Yaqublu bir daha bu fikirləri ilə sübut edir ki, Əli Kərimlidən tutmuş Cəmil Həsənliyə qədər, hər biri  Vətənini satan xainlərdir.

Radikal müxalifət, Əli Kərimlinin başçılıq etdiyi “qrant mafiyası” Yaqublunu zorla “yeni ekspert” kimi sırımağa çalışırlar. Onun necə “ekspert” olduğu ölkəsinə sanksiya tətbiq edilməsinə çağırışından bəllidir.

Tofiq Yaqublu 28 il ərzində BMT-nin qətnamələrini yerinə yetirməyən Ermənistana sanksiya tətbiq edilmədiyi ilə bağlı çağırış edib? 44 günlük Vətən müharibəsində dövlətini və xalqını dəstəkləməyən, əvəzində müharibə dövründə və ondan sonra da yalnız arutyunyanları tərifləyən, təbliğ edən Tofiq Yaqublu erməni separatçılarının maraqlarına xidmət edir. Bunu təstiq edən faktlardan biri də budur ki, o, “Dağlıq Qarabağ” ifadəsini və qondarma status məsələsini də tez-tez yada salır. Niyə? Bu Ermənistanın və onun havadarlarının maraqlarına xidmət deyilmir? Tofiq Yaqublunun Zəngəzur dəhlizinin əleyhinə çıxışlarını unutmamışıq. Ümumən, Şərqi Zəngəzur ifadəsini qəbul etməyən, ermənidən artıq narahat olan, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən birinə nə ad vermək olar? - Vətən xaini!

Ona görə də Tofiq Yaqublunun bu  gün də eyni mövqədən çıxış etməsi də təəccüb yaratmamalıdır. Ermənilərə status tələb edən, “Fransanın ermənipərəst siyasəti bizə sərf edir”, söyləyən T.Yaqublunun Azərbaycana qarşı sanksiya çağırışı  gözlənilən idi... Bunun xisləti, mayası belə, xəyanətlə yoğrulub. Onun üçün “milli maraqlar” anlayışı öz yerini “pullu maraqlar” anlayışına verib.

Tofiq Yaqublu anti-Azərbaycan dairələrin tezislərini səsləndirən siyasi dələduzdur. 

Ermənistanın törətdiyi təxribatlara, ölkəmizin əleyhinə fəaliyyətinə dəstək verməsi ikrah doğurur. Utanmadan Azərbaycanı təcavüzkar ölkə kimi təqdim edən bu ünsürün başı xarici dayılarının sifarişlərini yerinə yetirməyə o qədər qarışıb ki, öz ölkəsinə qarşı sanksiya tətbiq edilməsinə çalışır. Xalqımız Vətən anlayışı olmayıb, özlərini rəzil vəziyyətinə salanları rədd edir.

Cəmiyyətin qəbul etmədiyi Tofiq Yaqublu kimi anti-milli ünsürün yeri tarixin zibilliyidir. Bunu nə qədər tez anlasa o qədər yaxşıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”