31 iyul 2023 15:20
620

Nadir Əkbərov: Bir neçə saatın içində 25 nəfər qohum-əqrabamızı öldürdülər - EKSKLÜZİV

Meşəli faciəsinin şahidi Nadir Əkbərov: 

Ermənilərin azərbaycanlıların yaşadığı kəndlərə, şəhərlərə hücumları gücləndikcə Meşəli üçün də təhlükə artmaqdaydı. Neçə dəfə yolla gedən, təsərrüfat işləri məşğul olan kənd sakinlərini gülləyə tutmuşdular, iki nəfər yaralanmışdı. Badara, Daşbaşı, Qayabulaq kimi “erməni kəndlərinə” yaxın yerləşdiyi üçün Meşəlinin müdafiəsini təşkil etmək də çətin idi. Badara ilə aramızdakı məsafə 6-7 km ancaq olardı. Onu da deyim ki, soyqırımı baş verməmişdən bir müddət əvvəl kimdə nə silah vardısa hamısını ruslar gəlib yığmışdılar. Ov tüfənglərini də. Kimin iki silahı vardı birini gizlədib saxlamışdı deyə, az sayda tüfəngimiz qalmışdı. Bir də Milli Ordudan 11 nəfər köməyə gəlmişdi. Onlarda olan avtomatlardan başqa müdafiə üçün heç nəyimiz yox idi. Nə iriçaplı silahlar, nə də hərbi texnika. Hər ehtimala qarşı Badara yolunu partlatmışdıq ki, ermənilər həmin yoldan istifadə edib kəndə hücum edə bilməsinlər....

...Ermənilər qumbaraatanlardan, hətta qadağan olumuş odsaçan silahlardan da istifadə edirdilər. Elə ilk atışma vaxtı bir neçə evi qumbaraatanlarla partlatdılar. Sonra qısa fasilə verib səsgücləndirici ilə Azərbaycan, rus və erməni dillərində bizə dedilər ki, silahları atıb təslim olaq. Erməni dilini yaxşı bilirdim, elə öz dillərində onları söydüm. Dedim, ölsək də döyüşə-döyüşə öləcəyik.

Bax, göstərdiyimiz müqavimətin hesabına, kəndin tam mühasirəyə düşməsinə imkan vermədiyimizə görə, qalan insanların öldürülməsinin qarşısı alındı. Sonradan erməninin hücumundan xəbər tutan Xocalı və Kosalar döyüşçülərdindən də kömək gəldi, düşməni geri otuzdura bildik. Ancaq bir neçə saatın içində 25 nəfər qohum-əqrabamızı öldürdülər, 14 nəfər yaralandı, 2 nəfəri də girov apardılar. Onlardan biri yolda yaralı da olsa qaça bilmişdi.

Mahir Rəsuloğlu, “İki sahil”