31 iyul 2023 22:30
964

Cəmil Həsənli, bu yaşında anti-Azərbaycan dairələrin troluna çevrilməkdən utanmırsanmı?

Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında milli maraqlara söykənən uğurlu dövlət siyasətinin dayandığı heç kimə sirr deyil. Ən əsası dövlətin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili müstəqil Azərbaycanı regionun aparıcı aktoruna çevirib. Dövlətin gücü, artan qüdrəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin qazanılmasını təmin etdi.

Təbii ki, bu reallıqlar dostlarımızı sevindirdiyi kimi düşmənlərimizin, onların əlaltılarının və ən əsası da sapı özümüzdən olan baltaların  daha çox narahatlıqlarına səbəb olur. İstər ölkə daxilində “beşinci kolon” funksiyasını həyata keçirən radikal müxalifət düşərgəsi, istərsə də onların xaricdəki uzantıları mütəmadi olaraq sosial şəbəkələrdə yalanlar yaymağa, şər-böhtan kampaniyaları aparmağa cəhd göstərirlər. Son günlər qondarma antimilli şuranın “siyasi ağsaqqalı” qiyafəsinə bürünmüş Cəmil Həsənli də etirafları ilə özünü ifşa etməklə məşğuldur. Özü etiraf edir ki, Soros Fondunun əməkdaşı olaraq aylıq maaş alıb. Deməli, Cəmil Həsənli Soros Fondundan aldığı sifarişləri yerinə yetirib və buna görə özünün də dediyi kimi 2 il müddətində aylıq maaş alıb. İndi belə bir insanın ölkəmizlə bağlı verdiyi hər hansı bir açıqlamaya necə etibar etmək olar?. Azərbaycanın artan gücündən, iqtisadi inkişafından narahat olduğunu  Azadlıq Radiosuna sonuncu müsahibəsində də gizlətməyib. Onun ölkəmizlə bağlı səsləndirdiyi sərsəm fikirlərə diqqət edəndə dövlətimizə qarşı düşmən münasibətilə yanaşı yenə də sifariş aldığı açıq hiss edilir. Vətən müharibəsində sonrakı 3 il ərzində dövlətimizin qüdrəti, ordumuzun gücü dəfələrlə artıb. Və artıq bütün dünya bilir Azərbaycan müstəqil ölkədir, heç bir qüvvə ölkəmizin daxili işinə qarışa, hansısa qərara müdaxilə edə bilməz! Ölkəmizin əldə etdiyi iqtisadi uğurlar beynəlxalq qurumların hesabatlarında da əks olunur. Proqnozlaşdırıla bilən iqtisadi potensial ölkəmizə yatırılan investisiyalardan da bəllidir.  Bəs onda qondarma “milli şura”nın sədrini narahat edən nədir və nəyə görə ölkəmizin iqtisadi inkişafı, qüdrəti onu bu qədər narahat edir? Cəmil Həsənli yalanın, qərəzin dozasını indi niyə bu qədər çox edib?. Bu qədər yalan danışmaqdan heçmi utanmırsan? Belə görünür ki, məqsəd yenə də aylıq maaş almaqdır. Amma bunun üçün Soros Fonduna “işə yarar” vəziyyətdə olduğunu sübut etməlisən. Bunun ən yaxşı yolu ölkəyə qarayaxmaqdır. Axı təcrübəndən də bilirsən ki, bu yol Sorosdan maaş almağın ən yaxşı yoludur. Azərbaycanın əleyhinə nə qədər çox danışsan, ermənilərin maraqlarını nə qədər çox müdafiə etsən, o qədər çox para ödəyirlər. Tezislər ermənipərəst mərkəzlərdən, maliyyəsi Sorosdan gəlir. Cəmil Həsənli, yalanlarınıza daha heç kim inanmır. İctimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləriniz fiaskoya məhkumdur. Bu yaşınızda özünüzü, sözünüzü bu qədər biabır etməyə heç dəyirmi?  Bu yaşında anti-Azərbaycan dairələrin troluna çevrilməkdən utanmırsanmı?

Alim olmaq asandır, insan olmaq çətin… Görünür, bu deyim tam olaraq sizin boyunuza biçilib. Necə də, yaraşıb…

Yaqut Ağaşahqızı, “İki sahil”