Meşəli kəndində erməni silahlılarının törətdiyi qətliam insanlığa sığmayan soyqırımı hadisəsidir. Bu gün də kənd sakinləri ürəksızladan xatirələrini danışdıqca o günlərə qayıtmış olur, hadisələri yenidən yaşamış kimi hisslər keçirirlər.
Vaqif Xaçaturyan kimi separatçı erməni dəstəsinin üzvlərinin təkcə Meşəlidə törətdiyi qətliam bəşər tarixinin ən qəddar, ən faciəli və amansız hadisələrindəndir. Ailələr hələ də hadisədən 32 il ötməsinə baxmayaraq, o ağrılı günlərin xatirələri ilə yaşayırlar. Meşəlidə elə ailələr olub 5, eləsi də 4 üzvünü bir gündə itirib. Erməni silahlıları hamısını da xüsusi amansızlıqla, zülm verməklə qətlə yetiriblər. Hadisənin şahidi, Meşəli sakini İbrahim
Quliyev deyir ki, ailəsinin 4 üzvünü vəhşicəsinə qətlə yetirən, yaralı insanları diri-diri yandıran ermənilər kənddə dəhşətli qətliam, soyqırımı törədiblər.
“Vaqif Xaçaturyan qardaşımı vurub. Qardaşımı yandırmışdılar, başından bir hissəsi qalmışdı. Kəndimizdə bütün insanlara işgəncə veriblər, qətlə yetiriblər. Ailəmizdə biz 8 nəfər olmuşuq. 8 nəfərdən 4-nü kəndə hücuma keçən günü öldürdülər. Heç kəsə aman vermirdilər. Nə uşağa, nə qadına, nə yaşlıya... ələ keçən hər kəsə işgəncə veriblər. Ailə üzvlərim Vaqif Xaçaturyanın da iştirak etdiyi erməni dəstə üzvləri tərəfindən qətlə yetiriliblər”,- deyə İbrahim Quliyev həmin günləri yenidən yada salır.
Vaqif Xaçaturyan və onun ətrafındakı quldur dəstələrinin bir çoxlarını yaxşı tanıdığını deyən digər Meşəli sakini Vəliyəddin Salmanov deyir, sürücülük məktəbini bitirib Xankəndi şəhərindəki avtobazada işə düzələndən Vaqif Xaçaturyanı yaxşı tanıyır. Deyir, azərbaycanlılara qarşı həmişə aqressivliyi və nifrət dolu hərəkətləri, hədə qorxu gəlmələri ilə tanınırdı.
“Vaqif Xaçaturyan Meşəli faciəsinin öncədən kəşfiyyatını şəxsən aparmışdı. Meşəli hadisəsinin baş verməsinin təşkilatçılarından biri elə Vaqif Xaçaturyan idi. Öncədən snayperçi qızları kəndin ətrafındakı yüksəkliklərə yerləşdirmişdilər. Hadisə baş verən günü səhər tezdən kimi kənddə gördülər, vurdular. Öldürülənlərin çoxunu Vaqif şəxsən qətlə yetirmişdi. Özü də sakinləri xüsusi amansızlıqla, işgəncə verməklə öldürürdü. Doğma Xəlil əmimi, qız gəlinləri, qadınları ağsaqqalları hər kəsi atəşə tutub öldürürdülər. Sonradan da meyitlər üzərində olmazın işgəncələr ediblər. Vaqif Xaçaturyanın saxlandığını eşidəndə çox sevindim. Ümid edirəm ki, digər quldurlar da saxlanılar və cəzalarını çəkərlər”, - deyə Vəliyəddin Salmanov söyləyib.
Xocalı rayonunun Meşəli kəndinin sakinləri indi Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar. Uzun illər keçməsinə baxmayaraq, ermənilərin onların başına gətirdiyi müsibətləri hələ də unutmayıblar. Sakinlərin bir istəyi var: Vaqif Xaçaturyan kimi separatçı dəstənin üzvləri tutularaq, qanun qarşısında, məhkəmə qarşısında layiqli cavablarını alsınlar.
AZƏRTAC