02 avqust 2023 01:56
410

Zəngəzur dəhlizinin açılması tarixin diktəsidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsində Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən Azərbaycanda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Yeni avtomobil yolları çəkilib və ya yenidən qurulub. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir.

 Hazırda bögənin və Qərbin Xəzərlə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Respublikamız həm də Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yoludur. Belə ki, Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük və müasir beynəlxalq liman kompleksi inşa edilib. Azərbaycan artıq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırır. Buna səbəb isə son dövrlər yüklərin həcminin sürətlə artmasıdır. Cari ilin 9 ayı ərzində 60 faiz artım müşahidə olunub ki, bu da yüklərin nəqlində əhəmiyyətli göstəricidir. Bütün bunlar deməyə əsas verir ki, dövlətimizin başçısının söylədiyi kimi, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq çox mühüm nəqliyyat şəbəkəsi yaradıb.

Danılmaz faktdır ki, tarixi və böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyası üçün mühüm rol oynayacaq. Yalnız Cənubi Qafqaz üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik olan bu dəhliz böyük bir iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak etməklə, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirməklə Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Bu mənada ekspertlərin də dedikləri kimi, dünyanın iqtisadi nəhənglərindən olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.

Şübhəsiz, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu dövlətimizin başçısının dediyi kimi, Orta Dəhlizin- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi olacaq. Regionda və Qərbi Xəzər bölgəsində həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır. Zəngəzur dəhlizi, həmçinin Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün geniş perspektivlər açır. Bu ölkələrin ərazisindən həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun və Naxçıvanın iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər.

Ekspertlərin bildirdiyi kimi, Azərbaycanın iki hissəsini -Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi layihədə iştirak edən bütün ölkələrin əhəmiyyətli iqtisadi artımına töhfə verəcək. Bu, Orta Dəhlizin ötürücülük qabiliyyətini, oradan yüklərin daşınması sürətini kəskin şəkildə artıracaq, həm də layihənin bütün tərəfləri üçün əhəmiyyətli iqtisadi effekt əldə etməyə kömək edəcək.

Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunaraq bu yollardan daha səmərəli istifadənin vacibliyini vurğulayıb. Türkiyə lideri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Zəngəzur dəhlizinin təcili açılmasının və hərtərəfli sülh sazişinin imzalanmasının proses üçün vacib olduğuna diqqət çəkib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib ki, regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Bu mənada Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir.

Nəhayət, sözügedən dəmir yolunun çəkilişi iqtisadi əlaqələrdə yeni mərhələ açacaq. Tarixin diktəsi, zamanın tələbi və qaçılmaz reallıq olan Zəngəzur dəhlizi Çinin Mərkəzi Asiya vasitəsilə Avropa ilə artan əlaqələrini təmin etməsi üçün də yeni mərhələ kimi qiymətləndirilə bilər. 

Zahid Rza, “İki sahil”