Uzun illərdir yazırıq, deyirik ki, radikal müxalifətdə təmsil olunan “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onun kimi marginallar ayrı-ayrı xarici fondlardan maliyyə yardımı alaraq onların sifarişlərini həyata keçirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.
Bu günlərdə “Milli Şura”nın sədri Cəmil Həsənlinin “Azadlıq” televiziyasına verdiyi müsahibədə, necə deyərlər, bu barədə etirafı bunun əyani təsdiqidr. C.Həsənli deyir: “Mən bir müddət Azərbaycanda “Soros Fondu”nun üzvü olmuşam. Fond bord üzvlərinə hər ay 200 dollar əməkhaqqı verirdi. Layihələrin dəyərləndirilməsi, toplantılarda iştirak, müzakirələrin aparılması ilə bağlı, yəni bunu əməkhaqqı kimi verirdilər”.
Görəsən C.Həsənlinin uzun müddətdən sonra susqunluğunu pozaraq Soros Fondu ilə bağlı etiraflarının təməlində nə dayanır? Bizcə, bütün bunların Qubad İbadoğlunun həbsindən sonra baş verməsi bəzi qaranlıq mətləblərin üzərinə işıq salır. Çünki bir müddət əvvəl İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təsisçiləri arasında Qubad İbadoğlu, sabiq səfir, diplomat Arif Məmmədov ilə yanaşı Cəmil Həsənlinin də adı var.
O ki qaldı Soros Fonduna, gəlin bir müddət əvvəl Moldova parlamentinin Sosialistlər Partiyasından olan nümayəndəsi Boqdan Tsırdanın yazdıqlarına bir daha nəzər salaq: “Soros Fondu hər yerdə eyni anda meydana çıxdı və əvvəlcə tarix kitablarına sponsorluq etdi. Bəs orada nədən bəhs olunurdu? Bu kitablarda bizə ölkələrimizin nə qədər geridə qaldığını və necə kömək edəcəklərini aşılayırdılar. Sonra fond qrant layihələrinə başladı. Niyə? Gənc beyinləri cəlb etmək üçün. Guya onları seminarlara, tədqiqatlara cəlb eləyir, bu insanlar isə özləri də anlamadan dövlətləri haqqında kəşfiyyat məlumatlarını onlara ötürürdülər. Bu prosesə heç kim nəzarət etmirdi. Çünki 1990-cı illərdə hər yerdə anarxiya hökm sürürdü”.
Bu günlərdə tanınmış jurnalist Anar Miriyev Cəmil Həsənlinin bu çıxışı ilə bağlı sosial şəbəkədə belə yazıb: “İllərdir deyirik, yazırıq. Axırda “insafa” gəlib, özləri etiraf edirlər. Cəmil Həsənli daha gizlətmir, son iki gündə açıq şəkildə etiraf edir ki, “Soros Fondu”nun üzvü olub və ayda 200 dollar maaş alıb onlardan. Hansı “xidmətin”, hansı sifarişin yerinə yetirilməsi müqabilində? Axı, “Soros Fondu”nun kimlərə və nə məqsədlə pul verdiyi bəllidir, o da ola aylıq maaş! Cəmil Həsənli kimi “yaxşı işləyənlərə” aylıq maaş verirdilər. Bu etiraf günah yumadır, yoxsa Sorosdan yenə maaş istəyi? Soros əmi, nə deyirsiniz edək, “milli şura” nə hava çalsanız oynamağa hazırdır. Yetər ki, pul, maaş verin! Doğrudur, daha əvvəlki qiymətə dəyməzlər, amma yenə də cəhd edir də. Bəlkə yenə verdilər...”
Əlavə şərhə ehtiyac varmı?..
Zahid Rza, “İki sahil”
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır