SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasıyası işləri çərçivəsində 4-6 aprel tarixlərində Fransada işgüzar səfərdə olmuş, bir sıra görüşlər keçirmişdir.Səfər zamanı nümayəndə heyəti “Axens” şirkətinin lisenziyası əsasında H.Əliyev adına NEZ-də tikiləcək katalitik krekinq benzininin hidrotəmizlənməsi və dizel fraksiyasının hidrotəmizlənməsi qurğularının layihələndirmə işləri çərçivəsində davam edən Boru və Nəzarət Ölçü Cihazları (NÖC) diaqramlarına baxış üzrə iclaslarda iştirak etmişdir. Bundan əlavə, “Axens” şirkətinin lisenziyası əsasında tikilməsi nəzərdə tutulan başqa bir qurğunun - C4 fraksıyasının hidrogenləşdirilməsi qurğusunun layihələndirmə işlərinə başlanılması ilə əlaqədar ilkin əlaqələndirmə görüşü keçirilmişdir. T.Qəhrəmanov SOCAR-ın 3 gənc mütəxəssisi üçün “Axens” şirkətinin ofisində keçirilən təlimlərlə tanış olmuş, “Axens” şirkətinin prezidenti Jean Sentenak və şirkət rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.
“Air Liquide” şirkətinin rəhbərliyi ilə keçirilmiş görüşdə H.Əliyev adına NEZ-də inşası nəzərdə tutulan hidrogen qurğusu üzrə müzakirələr aparılmışdır. Həmçinin, “IFP Energies nouvelles” (IFPEN) şikrətinin İdarə Heyətinin sədri, Baş icraçı direktoru Didier Houssin və “İFP Training” şirkətinin Baş icraçı direktoru Jean-Luc Karnik ilə görüş keçirilmiş, ətraflı fikir mübadiləsı aparılmışdır. Qeyd olunmuşdur ki, SOCAR-ın təqaüd proqramı ilə təhsil alan bəzi tələbələr məhz IFPEN qrupuna daxil olan Fransa Neft İnstitutunda təhsil almışlar. Daha sonra nümayəndə heyəti IFPEN şirkətinin Lyon şəhərində yerləşən Tədqiqat Mərkəzinə səfər etmişdir. SOCAR təmsilçilərinə məlumat verilmişdir ki, Mərkəz özündə neft-qaz-kimya və alternativ enerji məsələləri da daxil olmaqla bir çox istiqamətlər üzrə fəaliyyət göstərən layihələndirmə, modelləşdirmə, tədqiqat və laboratoriya sınaqlarının aparılması və inkişafı sahəsində müvafiq sınaq qurğularını birləşdirir, “Axens” şirkəti ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir, burada yaradılmış “know-how” və yeni katalizatorlar istehsalatda tətbiq olunur və neft emalı zavodlarına təklif edilir.