11 aprel 2016 15:41
124

Neftin qiyməti Doha toplantısı ərəfəsində yüksəlişini qoruyub

Neftin qiyməti təxminən iki ayın ən sürətli artımını göstərməsi ardından dünyanın ən böyük neft istehsalçılarının hasilatı “dondurmaq” barədə qərar qəbul etmək üçün Dohada toplaşması ərəfəsində ABŞ-da daha çox neft qazma quyusunun aktiv vəziyyətə gətirilməsi ilə yüksəlişini qoruyub.

AZƏRTAC xəbər verir ki, ötən həftə 5 faizdən çox artan neftin qiyməti fevralın 12-dən bu vaxtadək maksimum bahalaşma nümayiş etdirib. Hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 39 dollardan, Londonun İCE birjasında “Brent” nefti isə 41 dollardan baha satılır.

“CMC Markets”in baş analitiki Maykl Makkartinin fikrincə hazırda bazarda optimist hava mövcuddur və neftin qiyməti bir neçə həftə əvvəl olduğu 40-45 dollaradək bahalaşa bilər: “Lakin Dohada təkliflə bağlı hər hansı razılığa gəlinməsi çətin görünür. Əgər belə bir qərar qəbul edilərsə bazarda bu razılaşmaya nə qədər riayət olunacağı da sual altındadır”, - deyə M.Makkarti əlavə edib.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC neft istehsalçıları aprelin 17-də Qətərin paytaxtı Dohada toplaşaraq hasilatın həcmini “dondurmaq” barədə qərar qəbul etməyi nəzərdə tuturlar. Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçılarının da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar.