18 avqust 2023 12:57
392

FHN Yasamalda yaşayış kompleksində təlim keçirib -  VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Royal Park” yaşayış kompleksində “Fərdi yaşayış evlərində yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd kompleksdə yerləşən fərdi yaşayış evlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə yaşayış kompleksinin aidiyyəti inzibati heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.