13 aprel 2016 16:36
738

Heydər Əliyev adına NEZ-in koks qurğusu normal rejimdə istismar olunur

Qış mövsümündə istismarı dayandırılmış Heydər Əliyev adına Neft Emalı Zavodunun koks istehsalı üzrə 43 nömrəli qurğu təmir işlərindən sonra istismara verilmişdir.

Həmin dövrdə qurğunun məşəl qülləsinə gedən 500 mm-lik boru xəttinin 280 metrlik hissəsi, 200 metr uzunluğunda 200 mm-lik kimyəvi təmizlənmiş su xətti, həmçinin R-301/3 reaktorunun içərisində bimetal örtüyün 20 kvadratmetrlik yararsız hissəsi dəyişdirilmiş, istehsalat sahəsinin 200 metr uzunluğunda 100 mm-lik işlənmiş büxar xətti yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə, qurğuda alınan qazın MEA məhlulu ilə təmizlənməsi sxemi üzrə avadanlıqlar quraşdırılmış və boru xətləri çəkilmiş, qurğunun SS-301/1 və SS-307/2 benzin soyuducularının boru dəstləri təmizlənmiş və digər zəruri təmir işləri aparılmışdır. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin əməkçiləri tərəfindən həyata keçirilmişdir. 43 nömrəli koks qurğusu hazırda 2 axınla normal rejimdə istismar olunur. Gün ərzində qurğuda istehsal olunan 700-800 ton koks dəmir yolu vasitəsilə aidiyyatı üzrə daşınır.