İranın Hindistandan iqtisadi sanksiyalar dövründən qalma təxminən 6 milyard dollar alacağı var.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə hindistanlı həmkarı Darmendra Pradxanla keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, İran Hindistana gündəlik 350 min barrel neft ixrac edir. İran Hindistanla “Fərzad-B” yatağında təbii qaz istehsalı və satışı ilə bağlı da müqavilə imzalayıb.
Hindistanın neft naziri D.Pradxan isə İran Mərkəzi Bankının sədri ilə görüş keçirdiyini deyib. Bildirib ki, İrandan alınan neftə görə vəsaitin transferi üçün bir bank kanalı yaradılacaq.