21 avqust 2023 14:27
373

Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər baş tutmadı - Ceyhun Məmmədov

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib, ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Xankəndindən gəlib Gorus istiqamətinə keçən həmin şəxslər əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar.

Mövzunu “İki sahil”ə şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov öncə qeyd etdi ki, belə bir halın baş verməsi Azərbaycanın ciddi və mühüm bir uğuru kimi dəyərləndirilməlidir: “Yəni Azərbaycan deyə bilərik ki, həyata keçirdiyi siyasət, atdığı addımlar və qətiyyət nəticəsində öz məqsədinə və hədəfinə nail oldu. Dövlət başçısımız əvvəldən də demişdi, Qarabağda yaşayan ermənilər ya inteqrasiya olunmalıdır, ya da bu əraziləri tərk etməlidirlər.”

C.Məmmədov qeyd etdi ki, xüsusilə də söhbət burada separatçılardan gedir və bu gün onların bu ərazini tərk etməsi ilə bağlı məlumatın yayılması da bir daha Azərbaycanın qətiyyətinin, qarşıya qoyduğu hədəflərin və prinsiplərin gerçəkləşməsi kimi qiymətləndirilməlidir. Digər separatçılar da bu ərazilərimiz tərk etməlidirlər.

Diqqət çəkən məqam budur ki, həmin şəxslərin əksəriyyəti Rusiya vəyəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.  Göründüyü kimi,  Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər keçmədi. Azərbaycanda "russkiy mir" iddiası baş tutmadı.  Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağını gözləyirik. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər.

Deputat vurğuladı ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq. Qarabağdakı ermənilər anlamalıdırlar ki, onlar Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşayacaqlar. 

Cavid Əkbərov, “İki sahil”