21 avqust 2023 16:20
288

BQXK humanizm prinsipləri ilə pərdələnərək səlibçilik missiyası həyata keçirir- Vüqar İskəndərov

Müxtəlif beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycana yanaşmada ikili standartlardan çıxış etməsi, sözü ilə əməlinin üst-üstə düşməməsi hər kəsə aydındır. Biz bunu itkin düşmüş şəxslər məsələsinə yanaşmada bir daha müşahidə etdik.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, baş verənlər onu deməyə əsas verir ki, BQXK humanizm prinsipləri ilə pərdələnərək səlibçilik missiyası həyata keçirir: "BQXK-da çalışanlar səlibçilik ideologiyasını qəbul ediblər və işlərini bu istiqamətdə qururlar".

Vüqar İskəndərovun sözlərinə görə, Ermənistanın işğalı nəticəsində həm də çoxsaylı Azərbaycan vətəndaşları itkin düşüb. "Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni daim diqqətdə saxlayır, ən müxtəlif səviyyələrdə qaldırır və müzakirəyə çıxarır. Elə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışıqları zamanı itkin düşmüş şəxslər məsələsinin müzakirə olunması, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərdə məsələnin müzakirə edilməsi, habelə Şarl Mişelin bəyanatlarında məsələyə yer ayrılması deyilənlərin sübutudur. Ümumilikdə, bu məsələ Azərbaycan tərəfindən 2014-cü ildən əsaslı şəkildə beynəlxalq gündəmə çıxarılıb və ardıcıl olaraq gündəm məsələsinə çevrilməsi üçün məqsədyönlü iş aparılıb. Lakin qeyd etdiyimiz kimi, BQXK bu kontekstdə də susqunluq nümayiş etdirir".

Deputat bildirib ki, BQXK yalnız Ermənistanın və ermənilərin maraqlarını güdür, onların mövqeyindən çıxış edir: "Görünın odur ki, BQXK yalnız emblemində əks olunan işarənin daşıyıcılarının qeydinə qalır. Yəni bu təşkilatın mövqeyində dini amili əsas rol oynayır. Qısası baş verənlər onu deməyə əsas verir ki, BQXK səlibçilərin simvolu olaraq fəaliyyət göstərir və bu səbəbdən də komitə yalnız erməniləri düşünür, onların maraqlarına xidmət edir".