Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyənin rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökumət, başçılarının təmasların da həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Ölkəmizin qardaş Türkiyə ilə münasibətləri Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk səfərlərindən birini Türkiyəyə etmişdi. Heydər Əliyev hər zaman Azərbaycanla Türkiyə arasında dərin kökləri olan dostluq münasibətlərinə diqqətlə yanaşmış, məhz onun sayəsində əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də dövlət başçısı kimi ilk səfərindən birini Türkiyəyə etmişdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyev 2003-cü ildən indiyədək daim türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri olan bir sıra konkret addımlar atmışdır.
Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus arasında demək olar ki, ən fəalı Türkiyə səfirliyidir. Türkiyə səfirliyi öz fəaliyyəti ilə iki qardaş ölkə arasındakı əlaqələrə mühüm töhfələr verməkdədir. Azərbaycanda işləməkdən qürur hissi keçirdiyini deyən Türkiyə diplomatlarını hər zaman müxtəlif səpkili tədbirlərin mərkəzində görmək mümkündür.
Hər iki ölkənin parlamentlərində dostluq qruplarının uğurlu fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasının əyani təcəssümüdür. Rəsmi Bakı və Ankara beynəlxalq təşkilatlar çərçivəsində də həmrəylik nümayiş etdirirlər. Azərbaycanla bağlı istənilən sənədin nüfuzlu təşkilatlar çərçivəsində müzakirəsi zamanı ölkəmiz birinci olaraq Türkiyənin dəstəyini hiss edib. Eyni zamanda, rəsmi Bakı da Ankaraya daim birmənalı dəstək nümayiş etdirib.
Qardaş ölkə kimi Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmilər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.
Azərbaycan və Türkiyə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər.
Belə ki, Türkiyə rəsmilərinin Azərbaycan reallıqları barədə söylədikləri növbəti kəsərli arqumentləri qardaş ölkənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal səsləndirdi. Türkiyə diplomatı avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın yalvarışı, minnəti ilə aparılmış müzakirələrdə bildirdi ki, regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır. Türkiyəli diplomatın fikrincə, problemi kontekstə uyğun həll edilməlidir: “İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyada əleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqları nəzərə alınmayıb”.
Bəli, Türkiyə siyasətçiləri istənilən məqamda, bütün proseslərdə Azərbaycanın yanında olduqlarını sübut ediblər. Ən başlıcası, qardaş ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın haqq işini dəstəkləməyi şərəf işi sayırlar. Yeri gəlmişkən, həmin ifadəni Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə dilə gətirmişdir.
Elə bu ilin fevralında qardaş ölkədə zəlzələ baş verəndən sonra – fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olmuş, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar matəm kitabına ürək sözlərini yazmışdı: “Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm də digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra, təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.
Bu gün Ankarada da, Bakıda da hamı eyni fikirdədir: Azərbaycan – Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır, mədəni tellərlə bağlanır və ona görə də əbədidir.
Nigar Orucova, “İki sahil”