21 avqust 2023 23:10
370

Dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq

Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərimizdə yeni səhifə kimi dəyərləndirilir

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurulur və zaman keçdikcə bu əmkdaşlıq yeni prioritetlər üzrə inkişaf etdirilir. Azərbaycan xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Buna əmin olmaq üçün təkcə cari ilin ötən dövründə qarşılıqlı səfərlərin say tərkibinə və əməkdaşlığın dərinləşməsində hüquqi baza olan sənədlərin imzalanmasına diqqət yetirmək kifayətdir. İmzalanan hər bir sənəd yeni bir istiqamət üzrə əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

2023-cü ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin  Macarıstana bir rəsmi, bir işgüzar səfər etməsi özündə bütün məqamları ehtiva edir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir.  1991-ci ilin  dekabrında  Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci ilin  aprelində qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edildi. 30 ilin mühüm uğurlarından biri Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi dəyərləndirilməsi münasibətlərimizin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır.  2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.  Macarıstan parlamentində isə Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən artıq sənəd əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafında hüquqi baza rolunu oynayır. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 

Dövlətimizin başçısı İlham Əliyevin Macarıstanın  Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri dostluğa, strateji tərəfdaşlığa əsaslanan əlaqələrimizin səmimiyyət, qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasına bir daha işıq saldı. Səfər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Prezident İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə  dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğuladı, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Qeyd edək ki, cənab İlham Əliyevin cari ilin ilk ayında Macarıstana səfəri çərçivəsində  Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə imzalanmışdı.  Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır.

Azərbaycan-Macarıstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əməkdaşlıqda  xüsusi önəm verilən sahə enerjidir. Məlumdur ki, ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabrda isə  Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Ölkəmizlə Avropa İttifaqı  arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün   yol xəritəsi kimi dəyərləndirildi. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində yeddi ölkə iştirak etdi - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bu  nadir layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradıldı. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Azərbaycanın  ixrac imkanlarını genişləndirmək istəyi qarşıya qoyulan bu hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Avropada Azərbaycan qazına tələbat artır. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşdü. Görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulandı, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edildi. Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıldı. Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirildi, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olundu.

Hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulması və bu istiqamətdə gündəmə gətirilən layihələrin uğurlu sonluqla başa çatdırılmasına nail olmaqdır. Ötən ilin dekabrında  Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanması  mərasimində   “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq” söyləyən dövlət başçısı İlham Əliyev diqqəti ölkəmizin bərpa olunan enerji sahəsində malik olduğu imkanlara yönəldərək bildirmişdir ki,  Azərbaycan  Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu statistik rəqəmlər də açıqlandı ki,  quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə  2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq.  2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Cənab İlham Əliyev bu çağırışı da etmişdir ki, məqsədlərimizə nail olmaq üçün  səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər.

Azərbaycan ilə Avropa İttifaqı, həmçinin üzv dövlətlər arasında əlaqələrin inkişafından bəhs edərkən enerji sektorunun xüsusi vurğulanması ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu, eyni zamanda, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdiyini təsdiqləyir. Reallıq budur ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam  özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. Avropa İttifaqı, həmçinin üzv dövlətlərlə strateji tərəfdaşlığa dair Memorandumun imzalanması da deyilənlərin təsdiqidir. Hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, Azərbaycan bu sahədə böyük potensiala malikdir. Ən əsası işğaldan azad edilmiş ərazilərimizin malik olduqları imkanlar dünya dövlətlərinin diqqət mərkəzindədir. Məlimdur ki, Azərbaycan ötən il enerji tərəfdaşlarını Şuşada bir araya gətirərkən bərpa olunan enerji sahəsində bir sıra əməkdaşlıq sənədləri imzalanmışdı.  

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi  ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Onu da qeyd edək ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Bu reallığı əminliklə deyə bilərik ki,  yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı  Avropa üçün daha da yaxın edir.

Qısa təhlil əsasında Azərbaycan-Macarıstan münasibətlərinin uğurlu inkişafı üçün möhkəm təməlin olduğunu böyük əminliklə qeyd edirik. Diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq dövr əlaqələrin inkişafında stimulverici amildir. Qarşılıqlı etimad mühitinin mövcudluğu əsasında yeni-yeni istiqamətlər üzrə inkişaf edən bu əməkdaşlıq daim diqqətdədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasını şərtləndirir. Nəzərə alsaq ki, dövlət başçısı İlham Əliyevin  Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri Milli bayram- Müqəddəs Stefan Gününə təsadüf edib bu, münasibətlərimizin 30 ildə uğurlu inkişafını şərtləndirən amilləri açıqlayır.

Yeganə Əliyeva, “İki sahil”