ABŞ-da dünyanın ən böyük bıçağı hazırlanıb. Boui şəhərinin mərkəzinə yerləşdirilən bıçağın uzunluğu 6 metr, çəkisi isə 1400 kiloqrama yaxındır. Belə bir bıçağı saxlamağa mətbəx çətin ki tapılsın, odur ki, dünyanın ən böyük bıçağının müəllifi onun elə açıq havada nümayiş olunmasının tərəfdarıdır.
Onu da qeyd edək ki, şəhərin mərkəzində nümayiş olunan bu bıçaq heç də heykəl deyil. Yəni daşdan və ya mərmərdən yox, bir bıçağın hazırlanmasında istifadə olunan taxta və polad tiyədən ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 4 metrə yaxındır.
Bəs görəsən bu soyuq silah aşacağı təqdirdə ətrafdakılara ziyan vurarmı? Hər halda təşkilatçılar bunun baş verməməsi üçün əllərindən gələni ediblər. Dünyanın ən böyük bıçağı, sürəti saatda 150 kilometrə çatan küləyə davam gətirə bilir. Qış aylarında həmin bıçağın üzərində formalaşacaq bir neçə santimetrlik buz təbəqəsinin də qorxusu yoxdur
Qeyd edək ki, bu bıçaq Bob Hadli adlı heykəltaraşın ideyası lub. Onun 2013-cü ildə dünyasını dəyişməsindən sonra həmin layihəni gerçəkləşdirməyi yerli qurumlardan biri üzərinə götürüb. Dünyanın ən böyük bıçağının hazırlanmasına 170 min dollar sərf olunub. Həmin vəsaitinin 100 min dollarını adı açıqlanmayan bir iş adamı bağışlayıb.