15 aprel 2016 14:53
242

“Cənub Qaz Dəhlizi” - qitələri birləşdirən layihə

Bu gün Azərbaycan regionun lider dövləti olaraq qlobal layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu sırada enerji layihələrini xüsusi olaraq vurğulamaq lazımdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin gələcək inkişafı üçün böyük imkanlar açıb. Artıq Azərbaycan yeni neft strategiyasının uğurlarını yaşayır. BTC və BTƏ kimi qlobal layihələrin gerçəkləşməsi buna əyani sübutdur.

“Əsrin müqaviləsi” Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bir layihədir. Məlum olduğu kimi, 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanılıb. 2012-ci ildə Türkiyə və Azərbaycan Trans-Anadolu (TANAP) kəmərinin tikintisi ilə bağlı razılığa gəliblər. Qeyd edək ki, TANAP layihəsi də tarixi bir hadisədir. Prezident İlham Əliyevin sözlərinə görə, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başlanıb: “2013-cü ildə TAP layihəsi-Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi... Bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.”

Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın enerji siyasətində yeni bir səhifə açılıb. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması deyilənləri bir daha təsdiq edir. Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı İlham Əliyev bildirib ki, birinci rübdə Bakıda “Cənub Qaz Dəhlizi”nin ikinci Məşvərət Şurası keçirilib: “Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur.”

Qeyd edək ki, bu ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb. Tədbirdə çıxış edən mötəbər qonaqlar layihənin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Göründüyü kimi, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlər öz vaxtında həyata keçirilir. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkə Prezidenti bu məsələyə toxunub: “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək.”

2015-ci ildə Türkiyədə “Cənub Qaz Dəhlizi” layihəsinin əsas tərkib hissəsi olan TANAP-ın əsası qoyulub. Bununla Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı daha da möhkəmlənib. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun şöbə rəisi Əliağa Zeynalovun sözlərinə görə, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir: “Hazırda bir çox dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edirlər. Bu da ondan irəli gəlir ki, təməli ümummilli lider öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir.”

Ə.Zeynalov “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti barədə danışdı: “Bu gün Avropa alternativ enerji mənbələri axtarışındadır. Bu mənada “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Çünki Avropaya alternativ mənbə ilə yanaşı, etibarlı tərəfdaş lazımdır. Azərbaycan isə bu sahədə ən uğurlu nümunədir. “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə işə düşməsi üçün Azərbaycan, Türkiyə, eləcə də digər ölkələr böyük siyasi iradə ortaya qoyublar. Ümid edirik ki, dünya əhəmiyyətli bu layihə qısa zamanda reallaşacaq, bununla Azərbaycanın ixrac imkanları daha da artacaq.”    

Nail Rəhimzadə, “İki sahil”