Cəmi 11 aylıq olan Atlas Montgomeri 23 ölkəni gəzərək “dünyanın ən çox səyahət edən körpəsi” kimi tanınmağa başlayıb. Valideynləri Becs Levis və Vill Montgomeri karavanları ilə Avropa turuna çıxdıqları üçün Atlasın daha çox yer görməsini istədiklərini deyiblər.
Valideynləri bu körpənin dünyaya gəlməsi ilə macəraya olan həvəslərini reallığa çevirmək istəyiblər. Cütlük Yeni Zelandiyanın Queenstown şəhərindəki evlərindən yola çıxaraq bütün Avropanı gəzməyi qarşılarına hədəf qoyublar.
Artıq 23 ölkəni gəzdiklərini və məqsədlərinin 25 ölkəni görmək olduğunu ifadə edən Becs deyib: “Uşaqla səyahət edə biləcəyimizi heç düşünməmişdim. Bu, çox real görünmürdü, amma o qədər də çətin olmadı”.
Daha sonra ata bunları əlavə edib: “Onun böyüməsinin hər bir anını görə bildik. Yalnız üçümüzlə səyahət etmək heyrətamizdir. Biz onun körpəliyinin hər bir mərhələsini çəkmişik. O, İsveçrədə ikən iməkləməyi öyrəndi, ilk dişini Norveçdə çıxartdı və Fransada normal qidalar yeməyə başladı. Biz səyahət müddətində İtaliya, San Marino, İsveçrə, Lixtenşteyn, Sloveniya, Xorvatiya, Avstriya, Çexiya, Danimarka və Norveçi də gəzdik.
Vüsal Cahanov, “İki sahil”