19 aprel 2016 14:32
267

Neft Kəmərləri İdarəsində genişmiqyaslı iməciliklər davam edir

Yazın gəlişi ilə əlaqədar ölkəmizin bütün bölgələrində iməciliklər təşkil edilir, ağacəkmə kampaniyaları keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi bu tədbirlərdə hər zaman öz fəallığı ilə seçilir. SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirilir, torpaqlar istehsalat tullantılarından təmizlənir, abadlıq, yaşıllaşdırma işləri görülür, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Qeyd edək ki, bu il aprel ayının 2-dən başlayaraq Şirkətin bütün strukturlarında iməciliklərə start verilib. Həyata keçirilən davamlı ekoloji tədbirlər nəticəsində torpaq-bitki örtüyünün bərpası təmin edilir, ərazi aktiv istifadə zonasına çevrilir.

SOCAR Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində məqsədyönlü fəaliyyət göstərir. Şirkət hər zaman ekoloji problemlərin həllini diqqət mərkəzində saxlayır. Ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində SOCAR-ın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin töhfəsidir.

Dövlət Neft Şirkətinin “Ətraf mühitin mühafizəsi üzrə 2016-cı ilin Tədbirlər Planı”na uyğun olaraq aprelin 2, 9 və 16-da SOCAR-ın Neft Kəmərləri İdarəsində növbəti iməcilik keçirilib. Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov, idarənin rəis müavini Məmməd Əliyev və kollektivin digər üzvləri yaşıllaşdırma aksiyasında fəal iştirak ediblər. Ərazilərin böyük olduğunu nəzərə alaraq idarə aparatının işçiləri istehsalat bölümlərinin kollektivlərinə kömək məqsədilə iməcilik zamanı əraziyə yollanıb, təşkil olunan aksiyalarda fəal iştirak ediblər. Kampaniyada Neft Kəmərləri İdarəsinin mərkəzi aparatında, Dübəndi, Abşeron, Qaradağ, Sumqayıt İxrac istehsalat bölümlərində ümumilikdə 1100-dən çox müxtəlif ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Sumqayıt İxrac və Qaradağ istehsalat bölümlərinin ərazilərində 1 hektardan artıq torpaq sahəsi şumlanaraq alaq otlarından təmizlənib və növbəti iməcilikdə yeni ağacların və dekorativ güllərin əkilməsi məqsədilə hazır vəziyyətə gətirilib. Bununla yanaşı, əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - Eldar şamı, zeytun və meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib. Həmçinin ümummilli lider Heydər Əliyevin Neft Kəmərləri İdarəsinin həyətindəki abidəsinin ətrafı abadlaşdırılıb, əraziyə yeni dekorativ gül kolları əkilib, 100 kvadratmetr qazon örtüyü yenisi ilə əvəz olunub. Qeyd edək ki, Neft Kəmərləri İdarəsinin mərkəzi aparatı və istehsalat bölümlərində aprelin 23-də və 30-da növbəti iməciliklər keçiriləcək.

Ötən dövrdə Neft Kəmərləri İdarəsinin istehsalat sahələrində quraşdırılmış su, neft təmizləyici və biotəmizləyici qurğulara mütəmadi olaraq texniki xidmət göstərilib, təmir işləri aparılıb və qurğuların işlək vəziyyətdə saxlanılması təmin olunub. Ekologiya İdarəsi ilə bağlanmış müqavilələrə əsasən Neft Kəmərləri İdarəsi üçün ekoloji və təhlükəli tullantıların pasportları hazırlanıb. Sahələrdə işçilər arasında ətraf mühitin mühafizəsi və ekologiya ilə bağlı maarifləndirmə işləri aparılıb. Ətraf mühitin mühafizəsi ilə bağlı hesabatlar aidiyyəti üzrə dövlət nəzarət orqanlarına təqdim olunub.

Nail Rəhimzadə, “İki sahil”