09 sentyabr 2023 14:19
467

XİN: Qarabağdakı qondarma rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur

Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.

“İki sahil” xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında əksini tapıb.

“Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir”, - deyə bəyanatda bildirilib.