19 aprel 2016 18:14
204

İtaliyadakı neft və təbii qaz referendumu etibarsız sayılacaq

İtaliyada ölkədə neft və təbii qaz çıxaran şirkətlərə müddətsiz icazə verən qanun maddəsinin ləğvinə dair keçirilən referendum iştirakçıların 50 faizdən az olması səbəbindən etibarsız sayılacaq.

AZƏRTAC xəbər verir ki, İtaliyada neft və təbii qaz çıxaran şirkətlərə müddətsiz icazə verən qanun maddəsinin ləğv edilib-edilməməsi üçün keçirilən referendumda səsvermə başa çatıb. İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 50 milyon seçicinin iştirak etdiyi referenduma iştirak 32 faizdə qalıb. İtalyanın qanunlarına görə, iştirak səviyyəsi ümumi seçici sayının yarısı olan 50 faizdən az olacağı təqdirdə keçirilən referendum etibarsız sayılır.

İtaliyanın Baş naziri Matteo Renzi referendumu şərh edərkən deyib: “Bu referendumu həmin qazma platformalarında çalışan işçilər və mühəndislər qazandı”.

İtaliya mətbuatı isə referendumun qalibinin səsverməyə getməmək çağırışı edən M.Renzi olduğunu bildirir.