09 sentyabr 2023 23:59
329

TÜRKPA Azərbaycanın Qarabağ regionundakı qondarma “prezident seçkiləri”ni pisləyib

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir.

“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA Katibliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.

TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır.