10 sentyabr 2023 12:49
360

Ağdam-Xankəndi yolunun açılması tələblərdən, sadəcə, biridir - Ekspert

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyətinin avtomobili (RQXC) Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə daşıdığı yükü Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırmaq üçün yola çıxmışdı. Humanitar yükün bu gün Ağdamdan Ağdərə istiqamətinə keçidi nəzərdə tutulmuşdu. Hazırda yük avtomobili Bərdədə dayanıb və giriş üçün icazə gözləyir. Gözləmənin və gecikmənin səbəbi kimi separatçıların bəzi tələbləri, eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müəyyən təzyiqləri ola bilər. Bu da hazırda regionda gedən geosiyasi mübarizənin daha bir təzahürüdür.

“İki sahil” xəbər verir ki,  bu sözləri Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilk gündən Qarabağ regionuna gediş-gəlişin ərazimiz vasitəsilə olmasını təklif etmişdi. Lakin Fransa təxribat törədərək humanitar avtomobilləri məhz Ermənistan vasitəsilə göndərdi.

BQXK da Bakının tələblərinə məhəl qoymayaraq Xankəndi ofisini İrəvan ofisinə uyğunlaşdırdı. Dünən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında “Laçın yolu dərhal açılmalıdır” kimi çağırışı da ölkəmizə qarşı eyni ritorikanın davamıdır.

Yuxarıda sadalanan faktlar fonunda Rusiya Qızıl Xaç Cəmiyyəti Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran vasitəsilə yükün Qarabağa daxil olması ilə bağlı Azərbaycanla razılığa gəlmişdi. Separatçıların yeni liderinin Rusiyaya yaxın olmasını nəzərə alsaq, humanitar yükün daxil olması üçün Ağdərə beton şitlərindən və bir qrup insandan təmizlənməli idi. Lakin separatçıların istəkləri və bəzi xarici qüvvələrin “fəaliyyəti” Rusiyadan gələn humanitar yük avtomobilinin Bərdədə gözləməsinə səbəb olur.

"Qarabağ ermənilərinin istəyi Laçın yolunun açılmasıdır və bunun RQXC-nin göndərdiyi humanitar yüklə heç bir əlaqəsi yoxdur. Çünki bunun üçün əvvəlcə Laçında ölkəmizin tələbləri yerinə yetirilməli və Xankəndinin Azərbaycana reinteqrasiyasına start verilməlidir. Mümkün mülahizələr ondan ibarətdir ki, Ağdam-Xankəndi yolunun açılması tələblərdən, sadəcə, biridir. Bu yolun real açılışı bir yük avtomobilinin keçidi ilə baş tutmuş sayıla bilməz. Laçın yolunun açılması üçün Ağdam-Xankəndi yolu tamamilə funksional olmalı, Laçına giriş Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Qarabağda erməni sakinlər vətəndaşlıq almalı və ya müvəqqəti qeydiyyata düşməlidirlər. Həmçinin Qarabağa giriş-çıxış miqrasiya və vətəndaşlıq qanunvericiliyi əsasında aparılmalıdır. Oradakı erməni sakinlər sahibkarlıq fəaliyyəti üçün ədliyyə və vergi reyestrlərindən keçməlidirlər", - deyə Z. Məmmədov bildirib.