10 sentyabr 2023 20:28
297

İƏT Gənclər Forumu: Qondarma prezident seçkilərinin keçirilməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan Azərbaycanda erməni separatçı rejiminin qondarma prezident seçkiləri keçirməsini rədd edir.

İƏT Gənclər Forumundan “İki sahil”ə bildirilib ki, Forumunun prezidenti Taha Ayhan kukla separatçı rejimin qanunsuz hərəkətləri nəticəsində yaranan vəziyyəti, o cümlədən 2023-cü il sentyabrın 9-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyəti altında olan ərazilərində qondarma prezident seçkilərinin keçirilməsi ilə bağlı xəbərləri dərin narahatlıqla izləyir.

“İƏT Baş Katibinin eyni məzmunlu 21.09.2011, 19.07.2012, 10.09.2015 və 31.03.2020-ci il tarixli bəyanatları ilə nümayiş etdirilən İslam Əməkdaşlığı Təşkilatının prinsipial mövqeyinə uyğun olaraq, İƏT Gənclər Forumunun prezidenti Azərbaycan Respublikasının Qarabağ bölgəsində erməni separatçıları tərəfindən qondarma prezident seçkilərinin keçirilməsini qeyri-qanuni, suveren bir ölkənin ərazi bütövlüyünə hörmətsizlik, beynəlxalq hüququn prinsiplərinin açıq-aşkar pozulması və BMT Təhlükəsizlik Şurasının, habelə və İƏT-in müvafiq qətnamələrinin yerinə yetirilməməsi kimi qiymətləndirir. Taha Ayhan vurğulayır ki, davam edən sülh danışıqlarına xələl gətirmək və təxribat törətmək məqsədi daşıyan bu cür qanunsuz hərəkət Ermənistanın hələ də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini sübut edir və bölgə xalqlarının çoxdandır ümidlə gözlədiyi normallaşma prosesinin qəsdən qabağını alır. Bu cür qanunsuz davranışları qəti şəkildə pisləyən Taha Ayhan Azərbaycan hökumətinin və digər üzv dövlətlərin hökumətlərinin Cənubi Qafqazda sülhün, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir, dəstəkləyir və bunun gənclərin inkişafı, eləcə də bütün regionun iqtisadi inkişafı və mədəni inteqrasiyası üçün əlverişli şəraitə gətirib çıxaracağına inanır”, - deyə İƏT Gənclər Forumundan bildirilib.