Aprelin 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Təlim, Tədris və Sertifikatalşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinin nəzdində yeni təlim korpusunun açılışında iştirak etmişlər.
Şirkət prezidentinə idarənin və təlim mərkəzlərinin fəaliyyəti haqqında məruzə olunmuş, bildirilmişdir ki, korpusda SOCAR-ın mühəndis texniki işçiləri üçün şirkətin müxtəlif fəaliyyət istiqamətləri üzrə təkmilləşmə kursları təşkil olunacaqdır. Bu məqsədlə binada ixtisaslaşdırılmış təlim otaqları yaradılmış və müasir təlim avadanlıqları ilə təchiz edilmişdir. SOCAR prezidenti avtomatik idarəetmə sistemləri (PLC) otağına, elektronika sahəsində biliklərinin artırılması üçün təlim otağına, qaynaq nümunələrinin ultrasəs müayinəsinin öyrənilməsi üçün təlim otağına, mühəndis-mexaniklərin neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi mövzuları ətrafında, eyni zamanda istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, beynəlxalq standartlara uyğun kursların keçirilməsi üçün nəzərdə tutulmuş təlim otaqlarına, əməyin mühafizəsi kabinetinə və elmi kitabxanaya baxış keçirmişdir. Təlim otaqları haqqında ətraflı məlumat verilmiş, təchiz olunmuş avadanlıqların təyinatı barədə bəhs olunmuş, qeyd edilmişdir ki, burada fəaliyyət göstərəcək kitabxanadan elektron kitabxanalara daxil olmaq üçün zəruri imkanlar yaradılmışdır. Mərkəzin akt zalında dinləyicilər üçün həm giriş təlimatı, həm də xarici və yerli mütəxəssislərin qabaqcıl ideyalarının istehsalatda tətbiqi ilə bağlı seminarlar təşkil olunacaqdır. Həmçinin yeni təlim korpusunda xarici dillərin öyrənilməsi məqsədi ilə linqafon otağının, müxtəlif ofis və mühəndis proqramlarının öyrənilməsi üçün kompüter otağıın da istifadəyə verilməsi qeyd edilmişdir.
SOCAR prezidenti Rövnəq Abdullayev təlim otaqlarında müəllim və müdavimlərlə söhbət etmiş, onları yeni korpusun istifadəyə verilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulamış, görülən işlərdən razı qaldığını bildirmişdir. Yeni təlim korpusunda gənc mütəxəssislər üçün müasir dövrün tələblərinə uyğun təlimlərin təşkilinin vacibliyini vurğulayan şirkət prezidenti bu istiqamətdə konkret tapşırıqlar vermişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi sifarişlər əsasında neft sənayesi üçün yüksək ixtisaslı kadrlarının hazırlanmasını, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkilini həyata keçirir.