13 sentyabr 2023 16:45
1061

Yadplanetlilərə aid 1000 yaşlı cəsədlər nümayiş olunub - İLK DƏFƏ/FOTO/VİDEO

Uzun müddətdir davam edən, yadplanetlilər və UNO (uçan naməlum obyekt) müzakirələrini izləyənlərin diqqətini çəkən bir hal yaşanıb.

Meksika parlamentində keçirilən iclasda yadplanetlilərə aid olduğu iddia edilən iki cəsəd nümayiş etdirilib. İclasda bir çox elm adamı da iştirak edib.

Bu, Meksikada tarixi bir gün hesab olunub. Bütün dünyada yadplanetlilər və UNO müzakirələri davam etdiyi dövrdə Meksikada yaşanan bu hadisə hər kəsdə maraq doğurub. Belə ki, yadplanetlilərə aid olduğu iddia edilən iki cəsədin Peruda aşkar edildiyi məlum olub. İki kiçik yadplanetli cəsədi şüşə qutuda nümayiş etdirilib. Yadplanetlilərin 1000 yaşında olduğu təxmin edilib.

Meksika Milli Avtonom Universitetinin alimləri yadplanetlilərin qalıqlarını tədqiq edib və radiokarbon testləri aparıblar.

Alimlər DNT testi edərək bu canlıların planetimizə aid olmadığını təyin ediblər: “Biz bunları UNO qalıqlarından qazmadıq. Onları mədənlərdə yerin altında tapdıq və onlar mumiyalanıb.”

Tədqiqatda iştirak edən UNO mütəxəssisi Ceym Mossen isə bunları əlavə edib: “Bu qalıqlar bizim təkamül prosesimizin bir hissəsi deyil.”

Mossen daha əvvəl Peruda tapılan 5 mumiyanı analiz etmiş, əl və ayaqlarında 3 barmağı olan mumiyaları yadplanetlilər adlandırmışdı. Lakin sonradan Mossenin iddiası təkzib edilib və mumiyaların uşağa aid olduğu bildirilib.

İclasda Harvard Astronomiya Departamentinin direktoru Abraham Avi Loeb də videokonfrans vasitəsilə iştirak edib. Loeb deyib: “Meksika hökuməti bu tapıntıları bütün elm adamlarına təqdim etməli və yadplanetlilərin mövcudluğuna dair ehtimallar araşdırılmalıdır.”

Qeyd edək ki, UNO elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir.

Vüsal Cahanov, “İki sahil”