14 sentyabr 2023 01:35
498

Uşaqların göz sağlamlığını necə qorumalı?

Yeni dərs ili başlayır. Bu, o deməkdir ki, vizual stressin artmasının vaxtı çatıb. Bunun nəticəsində uşaqlarda göz sağlamlığı ilə bağlı problemlər yarana bilər. Bəs bu problemlərin qarşısını necə almaq olar?

Rusiyalı mütəxəssislər uşaqlarda görmə ilə bağlı problemlərin yaranmaması üçün nə etməli olduğumuz barədə danışıblar.

Görmə niyə pisləşir?

Əvvəlcə uşaqlarda və ümumiyyətlə, böyüklərdə görmənin niyə pisləşdiyini anlayaq. Burada hər şey olduqca sadədir. Mütəxəssislər düşünürlər ki, insan gözü nəyəsə yaxın məsafədən uzun müddət və diqqətlə baxmaq üçün nəzərdə tutulmayıb. Onların fikrincə, məhz sivilizasiyaya görə görmə pisləşir.

Hansı qaydalara əməl etməlisiniz?

Məktəbdə oxumaq həmişə yüksək göz yorğunluğu ilə əlaqələndirilir. Bu dövrdə uşaq çox oxuyur, kompüter ekranına və telefonuna baxır, gəzintiyə və əyləncəyə çox az vaxt qalır. Buna görə də, görmə kəskinliyini qorumaq üçün bəzi qaydalara əməl etməlisiniz.

Mütəxəssislər bildirirlər ki, uşaqların görmə rejiminə və gigiyenasına nəzarət etmək çox vacibdir. Ümumiyyətlə, bu, miyopiyanın inkişafının qarşısını ala biləcək yeganə üsuldur.

İlk növbədə məktəblilər eyni vaxtda oyanıb yatmalıdırlar. Ancaq burada görmə rejiminin yalnız yuxu və oyaqlıq məsələsi olmadığını başa düşmək çox vacibdir. Çünki o, bir çox başqa aspektləri də əhatə edir.

Oftalmoloqların fikrincə, bütün vizual yüklər, nə olursa-olsun, yalnız masa arxasında oturarkən həyata keçirilməlidir. Texniki cihazlarla işləməkdən danışırıqsa, o zaman telefon və ya planşet deyil, böyük kompüter ekranı olmalıdır.

Bundan əlavə, kitaba və ya kompüter ekranına baxarkən ara-ara sabit bir vəziyyəti saxlamaq və fasilələr vermək mütləqdir. "Hələlik bundan daha yaxşı bir variant tapmamışıq - 45 dəqiqə dərs, 10-15 dəqiqə fasilə. Bu, əlavə ədəbiyyata və dərsdənkənar hobbilərə də aiddir",-deyə mütəxəssislər bildirirlər.

Oftalmoloqlar, eyni zamanda, xəbərdarlıq edirlər ki, ailənizdə böyüklərdən hər hansı biri miyopiyadan əziyyət çəkirsə, o zaman uşaq ən azı ildə bir dəfə göz həkiminə göstərilməlidir. Hər hansı pozuntular varsa, onları vaxtında aşkar etmək və xəstəliyin inkişafının qarşısını almaq olar.

Bəs xüsusi kompüter eynəkləri kömək edirmi?

Həkimlərin sözlərinə görə, bu gün müasir monitorlar gözlərə hər hansı zərərli təsirləri o qədər minimuma endirir ki, ümumiyyətlə, heç nə etməyə ehtiyac qalmır. Buna görə də kompüter eynəkləri almaq boş yerə pul xərcləməkdir.

Bəs vitaminlər və məşqlər kömək edirmi?

Müasir bir şəhərdə normal qidalanan uşaqlar kifayət qədər vitamin alırlar. Mütəxəssislərin fikrincə, onlarda vitamin çatışmazlığı olması ehtimalı azdır, xüsusilə də D vitamini. Bəs niyə mağaza rəflərində xüsusi olaraq gözlər üçün vitamin kompleksləri var? Bir çox mütəxəssislər onları da cəfəngiyyat və  pul tələsi hesab edirlər.

Göz məşqlərinə gəlincə, bu da olduqca şübhəli bir məsələdir. Gözlərimiz onsuz da saniyədə çoxlu sayda hərəkət edir. Bəzi mütəxəssislər düşünürlər ki, göz əzələləri olduqca güclü şəkildə yüklənir və onlar üçün xüsusi məşqlər etməyin heç bir mənası yoxdur.

Nubar Süleymanova, “İki sahil”