13 sentyabr 2023 18:18
263

Xəzər dənizi məsələləri üzrə YSİQ-in növbəti iclası Bakıda keçiriləcək

Sentyabrın 11-13 tarixində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.

“İki sahil” XİN-dən verilən məlumata istinadən xəbər verir ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - S.A. Şərifov), İran İslam Respublikasının (rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - M.İ.Petrakov) və Türkmənistanın (rəhbəri - M.G.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıb. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək.
İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq.