15 sentyabr 2023 11:34
274

İqor Malaşeviç: MDB-yə üzv dövlətlərin informasiya məkanı kiberhücumlara qarşı həssasdır

“MDB-yə üzv dövlətlərin informasiya məkanı xarici təsirlərə və mümkün kiberhücumlara qarşı həssas olaraq qalır”.

“İki sahil” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında MDB İcraiyyə Komitəsinin Təhlükəsizlik sahəsində əməkdaşlıq və yeni çağırış və təhdidlərlə mübarizə departamentinin müşaviri İqor Malaşeviç bildirib.

"Ekstremist internet resurslarının fəaliyyətini bloklamaq və dayandırmaq çətindir. Kritik informasiya infrastrukturuna kiberhücumlar və sənaye obyektlərinin, yanacaq-energetika kompleksinin və nəqliyyatın idarəetmə sisteminə müdaxilə təhlükəsi hələ də qalmaqdadır", - o bildirib.

Onun sözlərinə görə, terror aktlarının həyata keçirilməsi üçün müasir texnologiyalar, pilotsuz uçuş aparatları (PUA) və digər robot sistemlərdən istifadə olunur.

İ.Malaşeviç təhlükəsizliyin təmin edilməsində quruma üzv dövlətlərin əməkdaşlığının vacibliyini vurğulayıb: “Bununla bağlı Baş prokurorların Əlaqələndirmə Şurasının mühüm töhfəsini qeyd etmək istərdim”.