“Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir”.
“İki sahil” xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hazırda sülh prosesinin hansı mərhələdə olduğunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya kampaniyasına start verilib.
“Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin eyni vaxtda iki marşrutla - Ağdam və Laçın marşrutu ilə getməsini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi tam şəkildə bölüşür və dəstəkləyirlər”.