ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Senatın xarici əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələrdə misli-bərabəri olmayan şou göstərib. Belə ki, o, fransız həmkarları kimi ölkəmizi Qarabağda yaşayan ermənilərin “humanitar fəlakət”lə üzləşməsində, “etnik təmizləmə”də ittiham edib. Halbuki Azərbaycan özünün Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası üçün bir sıra addımlar atıb. Amma Ermənistan və onun havadarları buna imkan vermirlər. Belə ki, Azərbaycanın göndərdiyi humanitar yükdən ibarət iki TIR 20 gündən çoxdur ki, "ac ermənilər" tərəfindən Qarabağa buraxılmır. Bu mənada “blokada və humanitar vəziyyət” ilə bağlı iddiaların əsassız olduğu ABŞ-a da yaxşı məlumdur.

Bundan əlavə, rəsmi Bakı Qarabağdakı erməni əhalisinə ölkəmizə reinteqrasiya ilə bağlı çoxsaylı müraciətlər göndərib. Çünki reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır. Görəsən, reinteqrasiya nə vaxtdan bəri etnik təmizləmənin sinoniminə çevrilib? Təəssüf ki, bu təkliflərin heç biri müsbət dəyərləndirilməyib. Onun “hərbi hücum” iddiası ilə bağlı fikrinə gəldikdə isə Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etməyib və etmək fikrində də deyil. Yuri Kimə görə, guya Ermənistan ilə Azərbaycan arasında müharibə hələ də bitməyib. Halbuki xanım Kimə xatırlatmaq istərdik ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif olunub. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır. Bütün bunlara rəğmən rəsmi Bakı yaratdığı yeni reallıqla çərçivəsində bölgədə beynəlxalq hüquqa istinad edərək öz işini qurub.
Şübhəsiz, bütün bunlardan Yuri Kimin xəbəri olmamış deyil. Bəlkə də var. Görünür, bu kimi faktlar Yuri Kimin, həmçinin sözdə regionda sülhün bərqərar olmasını istəyən ABŞ-ın maraqları ilə ist-üstə düşmədiyindən bunların üstündən sükutla keçilir. Bu da erməni lobbisinin təsiri altına düşmüş, onların dezinformasiyalarının, qarayaxmalarının girdabına yuvarlanmış ABŞ-ın həmişə təcavüzkar Ermənistanı dəstəkləməsindən irəli gəlir. Bu mənada ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.

Qeyd edək ki, artıq tarixin arxivinə göndərilmiş keçmiş ATƏT MQ-nin həmsədri kimi ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi edib. Qarabağdakı qondarma rejimə hər il “Qarabağa yardım” altında milyonlarla dollar yardım verib. Üstəlik, ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradılıb və s. Bir sözlə, üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimi dəstəkləyib. Bu mənada Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib və çəkməkdə davam edir.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərib, amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə verməyib. Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmaz və oradakı xuntanı leqallaşdırmağa çalışmazdı. Bütün bunlar bir daha sübut edir ki, ABŞ həqiqətən də Cənubi Qafqaza Ermənistan vasitəsilə nüfuz etməkdə israrlıdır. Bu, həm də növbəti NATO-Rusiya münaqişəsinin bu məkanda, yəni Hayastanda alovlanacağından xəbər verir.
Kim və kimlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz suverenliyinin pozulmasına yönələn hərəkətlərin qarşısını alacaq və öz Konstitusiyası çərçivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiyasına da nail olacaq. Qeyd edək ki, həmin dinləmələrin təşəbbüskarı və təşkilatçısı ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən ermənipərəst senator Robert Menendezdir. O, Menendez ki, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinatına qətiyyətlə etiraz etmişdi. O Menendez ki, korrupsiya ittihamları məngənəsində boğulur. O Menendez ki, ABŞ-dakı erməni diasporunun çaldığı hər havaya oynayır. İndi isə ABŞ kimi dövlət həmin havaya oynamağa başlayıb...
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər