17 sentyabr 2023 11:58
1454

ABŞ sülhün əldə olunması ilə bağlı səy göstərmir, yalnız görüntü yaradır

ABŞ 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımları davam etdirməkdədir. Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya  müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ əsl simasını göstərdi-daha çox  susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirməyə məcbur oldu.
Halbuki Ağ Ev  Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görür, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verir. İşğal dövründə 
ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələni etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar.  Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı. Bu azmış kimi Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiq edən ABŞ Bako Saakyan başda olmaqla bütün erməni separatçılarına Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verirdi. Bununla da separatizmi daha da alovlandırmış olurdu.

Deputat bildirib ki, bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Ümumiyyətlə, bu gün dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək.  “Demokratiya” pərdəsi altında idarə olunan xaosun şahidiyik. ABŞ-ın demokratiya anlayışından təzyiq vasitəsi kimi istifadə edərək, bir çox ölkələri öz iradəsinə tabe etdirməyə çalışdığını görürük. Bu isə beynəlxalq səviyyədə birmənalı qarşılanmır. Cənubi Qafqaz regionunda dayanıqlı sülh ABŞ-ın marağında deyil. Rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır.