ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr rəsmi Vaşinqtonun vasitəçiliyinin sona yaxınlaşdığını təsdiqlədi

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Bu baxımdan ki, ABŞ növbəti dəfə ermənipərəst siyasətini, Azərbaycana qarşı qərəzli mövqeyini açıq-aydın şəkildə nümayiş etdirdi. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında əritməklə məşğul olan ABŞ kimi dünya gücü bundan sonra hansı əsasla digər dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçə bilər? Eyni zamanda, bu dərsi keçərkən onların tətbiqi üçün hansı vahid mexanizmin müəyyənləşdirildiyini demək imkanındadır? Dünyada baş verən gərginliklərin, münaqişələrin əsasında məhz bu güclərin beynəlxalq hüququ öz maraqlarına uyğun tətbiq etmələri dayanır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasında da bu amilin rolu böyük oldu. 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin problemə öz maraqlarından yanaşmaları nizamlanma prosesinin 30 il uzanmasına gətirib çıxardı. Sual olunur ki, keçirilən dinləmələrdə Azərbaycana qarşı qərəzli mövqeyini qabarıq şəkildə büruzə verən ABŞ Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərkən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görərkən, bütün beynəlxalq platformalarda bu ölkələrimüdafiə edərkən hansı prinsiplərə əsaslanır? Azərbaycanın ərazi bütövlüyünə yanaşmada hansı əsasda fərqlilik nümayiş etdirir? ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.

ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-dan ədalətli mövqe gözləyən Azərbaycan 30 ildə hərdən bir yanaşmanın şahidinə çevrildi. Sözlə əməlin üst-üstə düşməməsi bu ölkənin mövqeyinə inamsız yanaşmağa əsas verdi. Bu gün də həmin yanaşma gündəmdədir. İşğal illərində sülh danışıqlarının imitasiya naminə aparılmasına, Ermənistanın vaxt qazanmasına dəstək olan ABŞ bu gün regionda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanması prosesinə ciddi yanaşmır, keçirilən görüşlərdə iştirak edib əldə olunan razılaşmaya sonrakı addımlarında hörmətlə yanaşıb onların icrasına səy göstərmək əvəzinə, bu razılaşmaların pozulmasında maraqlı olduğunu təsdiqləyir. Sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan son danışıqlarda ABŞ-ın iştirakını yada salaq. Həmin görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Hazırda istər ABŞ Dövlət Departamenti, istərsə də Konqresi yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışır. Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.
Qarabağda keçirilən “prezident seçkiləri”nə yanaşma da ABŞ-ın niyyətinin nədən ibarət olduğu açıqlandı. Dünya gücləri, beynəlxalq təşkilatlar bu seçkiləri pisləyib tanımadıqlarını bildirdikləri halda ABŞ susmağa üstünlük verdi. Bu addım Azərbaycan tərəfini narahat etmədi. Çünki belə susmaları istər 30 illik işğal, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dəfələrlə şahidi olub. Ermənistanın maraqlarına xidmət edən hər addım dəstəklənir, Ermənistanın törətdiyi vəhşiliklərə, təxribatlara göz yumulur, amma müəyyən gərginliklər yarananda dərhal Azərbaycan əsassız yerə ittiham olunaraq diqqət işğalçı dövlətdən uzaqlaşdırılmağa çalışılır. 30 illik işğal dövrü dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərlə zəngindir.

1992-ci ildə ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etməklə ölkəsinin Azərbaycana qarşı hansı mövqedə olduğunu sübut etmişdir. Bu o illər idi ki, Sovetlər birliyi yeni dağılmışdır. ABŞ yenicə müstəqillik qazanmış ölkələrə dəstəyi barədə düşünürdü. Azərbaycan haqqında heç bir məlumata malik olmayan ABŞ tarixi ədaləti, faktları bir kənara qoyub ermənilərin və erməni diasporunun təkidi ilə ölkəmizə qarşı belə bir ədalətsiz qərarı qəbul etdi. Bu qərar o olkələrə tətbiq edilirdi ki, təcavüzkar siyasət həyata keçirir. Erməni diasporunun apardığı təbliğata uyğun olaraq Ermənistan “işğala məruz qalan”, Azərbaycan isə “işğalçı” dövlət kimi tanınırdı. Ermənilər belə bir addımın atılmasına nail olmaqla Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq istəyirdilər.Lakin Azərbaycan 10 il bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da iqtisadi baxımdan zəifləmədi, əksinə iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdə oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, 907-ci düzəlişin ədalətsiz qərar olduğunu sübut etmək idi. Bu qərarın ölkmiz üçün mənəvi baxımdan nə qədər böyük zərbə olduğu aydın idi. Torpaqları işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda dünya Ermənistanı “işğala məruz qalan ölkə” kimi qəbul edirdi. Bu məqamı geniş şəkildə təhlil etməyimiz səbəbsiz deyil. ABŞ hər zaman hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etməyə çalışıb.
İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi ABŞ terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı İraq, Liviya kimi ölkələr isə təcavüzə məruz qaldılar. Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır.Bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib.
Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib.Ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Azərbaycanın imicinə zərbə vurmaq üçün daxili bədxahlarımızın keçirdikləri aksiyaların ssenarisi məhz Qərb dairələrinə məxsus idi. Məqsəd Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.

30 illik işğal dövründə ədalətə və beynəlxalq hüquqa zidd addımlarının sonda müharibəyə səbəb olmasından nəticə çıxarmayan Fransa və ABŞ kimi dünya gücləri bu gün də Ermənistana dəstəkləri ilə narazılıqların kulminasiya nöqtəsinə çatmasına səbəb olurlar. Reallıq budur ki, Fransa vasitəçilik missiyasından çoxdan uzaqlaşdırılıb. Baxmayaraq ki, sülh danışıqlarında iştirak edib, amma tərəf kimi qəbul edilmir. Fransa Prezidenti Emmanuel Makronun qatıldığı görüşdən çox keçməmiş erməni diaspor nümayəndələri ilə görüşündə Azərbaycanın əleyhinə fikirlər səsləndirərək ölkəmizi gərginlik yaratmaqda, işğal siyasəti yürütməkdə ittiham etməsi bu dövlətin riyakar siyasətinə işıq saldı. 30 il münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri işğala məruz qalanla işğalçını öz maraqlarına uyğun müəyyənləşdirirsə, bu onun beynəlxalq hüququn ərazi bütövlüyüprinsipinə hörmətsizliyidir. Tarixi Zəfərimizdən sonra münaqişənin hələ həll olunmadığı barədə fikirlər səsləndirən, “Dağlıq Qarabağın müstəqilliyi” məsələsini gündəmə gətirən Fransa oldu. Belə mövqe nümayiş etdirən ölkənin vasitəçilıyinin davam etdirilməsinə ehtiyac varmı?

Hazırda ABŞ atdığı addımları ilə vasitəşilik missiyasını sona yaxınlaşdırır. Vaşinqton bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Bu siyasət Azərbaycana öz ərazisində yaşayan erməni azlıqla reniteqrasiya prosesinə maneə yaradır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Çıxışda səsləndirilən hər bir fikir ABŞ-ın beynəlxalq hüquqa hörmətsizliyinin, başqa dövlətlərin daxili işinə müdaxiləsinin nümayişi oldu. Reallıq budur ki, bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir.
Yeganə Əliyeva, “İki sahil”
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər