19 sentyabr 2023 02:58
428

“Əsrin müqaviləsi” yeni neft strategiyasının şanlı səhifəsidir

Ulu Öndər Heydər Əliyevin “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikri bu günün gerçəklikləri fonunda bir daha təsdiqini tapır

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Ulu Öndər Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. Dahi şəxsiyyət Heydər Əliyev müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır. Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini ölkənin milli maraqlarına maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in (SOCAR) vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi. Beləliklə, 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə 8 ölkənin 13 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə olan saziş iqtisadi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Artıq müqavilənın imzalanmasından 29 il ötür. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Ötən 29 ildə Azərbaycan neft sənayesinin keçdiyi inkişaf yolunun əsas mərhələlərinə, qazanılan nailiyyətlərə nəzər yetirək. 1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada Ulu Öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Bu hadisə ilə eyni vaxtda Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin boru xətti istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dəniz limanlarına ixrac edilməyə başlayıb. “Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi gündəmə gəldi və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi. 2002-ci ildə Ulu Öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur. Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 mln. tondan çox (4,1 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib.BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib. “İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 15 mln. ton (təxminən 114 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb”, - hesabatda bildirilir. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan dünyanın 30 ölkəsinə neft və neft məhsulları, Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana isə təbii qaz ixrac edilir. Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Beləliklə, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. İkincisi, bu Sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir. Belə ki, yeni sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

2017-ci il həm də ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il kifayət etdi. Bu uğurlar Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır.

Sevinc Azadi, “İki sahil”