19 sentyabr 2023 00:13
249

COVID-19: Mən buradayam…

Dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb

Artıq uzun müddət idi ki, COVID-19 yoluxma statistikasında rəqəmlərin  əhəmiyyətli dərəcədə azaldığını, ölüm halının qeydə alınmadığının şahidi olurduq. Təzəcə rahatlamışdıq ki, payız-qış mövsümünün gəlişi ilə “bəşəri bəla” olan koronavirus yeni ştammı ilə özünü yenidən gündəmə gətirdi:  mən buradayam...

COVID-19-un yeni variantları olan “Eris” (EG.5) və BA.2.86-nın yayılması bir çox ölkələrdə koronavirus narahatlığını yenidən gündəmə gətirib. Pandemiya keçmişdə qalmış kimi görünsə də, reallıq budur ki, son mutasiyaya uğramış ştammlar səbəbindən yoluxma halları yenidən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) məlumatına görə, dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

“Eris” ölümcül virus olmasa da, daha sürətlə yayılması və yoluxucu-luğunun digər ştammlara nisbətən artıq olması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ciddi narahat edir. Hazırkı vəziyyətlə bağlı təşkilat bütün dünya dövlətlərini erkən və ciddi tədbirlər görməyə çağırıb.

ÜST tərəfindən COVID-19 virusunun yeni ştammı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən”lər sırasına daxil edilib. Bu dəyişikliyə səbəb “Eris” olaraq adlandırılan EG.5 ştammının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artmasıdır. ÜST-nın məlumatına görə, hazırda virus surətlə yayılmaqda davam edir.

Təşkilat, xüsusilə ABŞ başda olmaqla, Avropa və Asiya ölkələrində geniş yayılan “Eris” ştammı ilə bağlı yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, EG.5 (“Eris”) COVID-19-un “Omikron” variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır. Statistikaya nəzər salsaq, görərik ki, avqust ayında 51 ölkədən 7 minə yaxın şəxs məhz sözügedən varianta yoluxub. Lakin quruma görə, bu ştammın ictimai sağlamlıq riski çox böyük deyil. Bu da özündən əvvəlki ştammlara bənzərliyi ilə bağlıdır.

Cons Hopkins Universitetinin Molekulyar Mikrobiologiya və İmmu-nologiya Departamentinin professoru Endryu Pekoş bildirib ki, EG.5 ştammı simptomlarına görə digər variantlara bənzəyir. Bura qızdırma, öskürək, ümumi halsızlıq, həmçinin burun axması, baş ağrısı və əzələ ağrıları daxildir. Bu varianta yoluxanlar xəstəliyi soyuqdəymə, qrip və ya pnevmoniya kimi keçirirlər.

ÜST-ün koronavirusla mübarizə komandasının rəhbəri Maria Van Kerkhove verdiyi açıqlamada digər “Omikron” alt seriyaları ilə müqayisədə EG.5-in şiddətində heç bir dəyişiklik müşahidə edilmədiyini qeyd edib.

Qeyd edək ki, ÜST-ün son bəyanatında qurumun hazırda 3 “izlənməli olan” və 7 “nəzarət altında saxlanılmalı olan” COVID-19 variantlarını diqqətdə saxladığı bildirilib. Buna baxmayaraq qeyd olunan ştamm hazırda ABŞ-da dominant ştamm olaraq elan edilib. Aşkarlanmış xəstələrin 17 faizi Amerika, 15 faizi isə İngiltərənin payına düşür.

ÜST-ün məlumatına görə, son ayda Avropada yoluxmada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir.

- Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb

- Hazırda ABŞ-da COVID-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVID aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. 

- Son həftə ərzində ABŞ-da COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

- Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur

- Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə, karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur.

ÜST risk zonasında olanlar əsasən immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Bəs ölkəmiz üçün təhlükə varmı?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb. COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur.

Mütəxəssis qeyd etdi ki, vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir.  Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir.  Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir.

TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva APA-ya açıqlamasında vurğulayıb  ki, bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb: “Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.”

N.Mustafayeva diqqətə çatdırıb ki, hazırda ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştammına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir.

COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupu ilə yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir”, - şöbə müdiri qeyd edib.

Hazırda ölkədə epidemioloji durum yoluxma hallarında cüzi, əhəmiyyətsiz artımın olmasına baxmayaraq stabildir. Koronavirusun bütün növlərindən, o cümlədən, sonuncu mutant altnövlərdən qorunmaq tədbirləri eynidir. Yəni, pandemiya dönəmində əhalinin riayət etdiyi qaydalara yoluxma halları artdıqca əməl olunmalıdır. Risk qrupuna daxil olan insanların isə növbəti profilaktikası, həm aşkarlanması, həm də müalicəsi üçün bütün imkanlar vardır və müvafiq qurumlar epidemio¬loji prosesləri diqqətlə izləməkdədirlər.

Hər kəs, xüsusilə immun sistemi zəif insanlar sağlamlıqlarına daha ciddi yanaşmalıdırlar. 65-dən yuxarı yaşı olanlar həmişəki kimi risk qrupuna daxildir. Verilən məlumatlara görə, həmin ştama yoluxanlar arasında 65 yaşdan yuxarı olanların sayı daha çoxdur. Bu da immun sisteminin zəif olması ilə bağlıdır. Doğrudur, “Eris” variantının ölkəmizdə aşkarlanmadığına dair rəsmi açıqlama verilsə də, infeksiyalar sərhəd tanımır. Digər yandan, qarşıdan payız mövsümü gəlir. Məlum məsələdir ki, həmin mövsüm respirator infeksiyaların baş qaldırdığı və daha sürətlə yayıldığı dövrdür. Odur ki, hər kəsə üç ildir tövsiyə edilən gigiyena qaydalarına əməl edilməsi, özündə əlamətlər hiss edənlərin təcrid olunması və test verərək yoluxub-yoluxmadığını müəyyənləşdirməsi, vaksinasiyadan keçməyənlərin isə peyvənd olunması məsləhət görülür.

Yaqut Ağaşahqızı, “İki sahil”