18 sentyabr 2023 20:22
625

“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin şah əsəridir

SOCAR-ın Sosial İnkişaf İdarəsinin akt zalında 20 sentyabr - Neftçilərin  peşə bayramı münasibətilə “Əsrin müqaviləsi” – Heydər Əliyevin şah əsəridir” mövzusunda tədbir keçirildi.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən film nümayiş olundu.

Tədbirdə çıxış edən Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov bu önəmli gün münasibətilə bütün neft sənayesi işçilərini təbrik etdi, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar dilədi. Q.İbrahimov 1994-cü ilin 20 sentyabrında imzalanan, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”inin tarixindən, ölkəmiz üçün önəmindən, milli neft sənayesinin qurulması və inkişafından, Azərbaycanın yeni enerji strategiyasından bəhs etdi. O, çıxışında “Əsrin müqaviləsi” ilə bağlı aparılan danışıqlar prosesində cənab İlham Əliyevin yaxından iştirak etdiyini xüsusi vurğuladı. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan yeni enerji strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın bugünkü möhtəşəm uğurlarının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Ümummilli Lider ilə bağlı xatirələrindən danışan Vüqar Rəhimzadə bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyev dedikdə gözlərimiz önündə müasir müstəqil Azərbaycan, Azərbaycan dedikdə isə Ulu Öndər Heydər Əliyev canlanır.

“Əsrin müqaviləsi”nin Azərbaycanın bugünkü enerji strategiyasının həyata keçirilməsində mayak rolunu oynadığını söyləyən baş redaktor bildirdi ki, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu.

V.Rəhimzadə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə neft-qaz sahəsində növbəti böyük uğura imza atıldığını da diqqətə çatdırdı. Qeyd etdi ki, 2017-ci ilin sentyabr ayının 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması Ulu Öndərin təməlini qoyduğu Böyük Yolun davamı kimi qiymətləndirilir: “Tam əminliklə demək olar ki, “Yeni əsrin müqaviləsi” adlandırılan bu kontraktın imzalanması ötən müddət ərzində Azərbaycanın artan nüfuzunun təqdimatıdır. Neft strategiyasının uğurlu icrasında SOCAR-ın öz payı, rolu vardır. Bu gün transmilli şirkət statusu qazanmış SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə imkanlarını daha da artırır. Dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında modern, böyük nüfuza malik beynəlxalq şirkətlərlə eyni sırada olmağı mühüm vəzifə kimi qoymuşdur. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, SOCAR ona göstərilən bu etimadı doğruldub. Şirkətdə idarəçilik sisteminin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan islahatlar böyük uğurlara yol açır”.

Çıxışının sonunda Vüqar Rəhimzadə  SOCAR-ın bütün əməkdaşlarını neftçilərin peşə bayramı münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.

Sosial İnkişaf İdarəsinin əməkdaşları Heydər Əsgərov, Nəzrin İbrahimova, Turanə DəmirovaVasif Yusifli də öz növbələrində həmkarlarını peşə bayramı münasibətilə təbrik etdilər, SOCAR ailəsində olmaqdan şərəf duyduqlarını bildirdilər. Həmçinin çıxış edənlər Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafında əvəzsiz xidmətlərindən, dahi rəhbərin şah əsəri olan “Əsrin müqaviləsi” ilə başlanan müasir neft tariximizin tərəqqi yolundan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu neft-qaz siyasətindən bəhs etdilər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş Sosial İnkişaf İdarəsi işçilərinə partiyanın üzvlük vəsiqələri təqdim edildi.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”