20 sentyabr 2023 00:22
293

Vətəndaşlara sosial xidmətlər: Daha keyfiyyətli, daha əlçatan

Respublikamızda həyata keçirilən islahatlar çərçivəsində ehtiyacı olan vətəndaşlara göstərilən sosial xidmətlərin əhatə dairəsi getdikcə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində 2023-cü ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib. Bu dövrdə həmin şəxslərə qurumun müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlərlə əhatə olunublar.

Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə  reabilitasiya xidmətləri göstərilib. Onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri həyata keçirilib. Həmçinin indiyədək 700 dən çox əlilliyi olan şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib. Səyyar xidmətin əsas məqsədi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxslərə evdə reabilitasiya xidmətinin göstərilməsi, reabilitasiya xidmətlərinə əlçatanlılığın artırılması, həmçinin reabilitasiya prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, növbəliliyin azaldılmasıdır.

Son illərdə həm paytaxt Bakıda, həm də regionlarda bir tərəfdən dövlət vəsaitləri hesabına, digər tərəfdən isə Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı sosial xidmət müəssisələri yaradılaraq istifadəyə verilib. Hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün bunlara nəzər yetirdiyimiz zaman bir daha aydın olur ki, dinamik inkişaf templərinə malik olan Azərbaycan ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsini daha da keyfiyyətli və əlçatan səviyyəyə çatdırmağı hədəfləyib. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”da məhz bu məqsədi daşıyır. Respublikamızın geniş imkanları və sosial sifarişlər nəzərə alınmaqla hazırlanan Dövlət Proqramı ölkədə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması, əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması Dövlət Proqramının əsas hədəf göstəriciləridir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də  müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək.

Ekspertlərin fikrincə, Dövlət Proqramı üzrə görüləcək tədbirlər xidmət təklifinin artması ilə rəqabət mühitinin güclənməsinə səbəb olacaq. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının ildən-ilə artırılması, innovativ texnologiyaların tətbiqi ilə sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılması da nəzərdə tutulur.

Eyni zamanda, Dövlət Proqramı ilə sosial xidmət sahəsində elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması və s. nəzərdə tutulur.

Nigar Orucova, “İki sahil”