20 sentyabr 2023 00:46
304

Bakının dərdi var...

Tıxac problemi paytaxtda hərəkəti iflic edir

Paytaxtımızın küçə və prospektlərində hərəkətin çətinliyi Qarabağ ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra problemə çevrildi. Niyə? Çünki yurd-yuvasından didərgin salınmış əhalinin böyük bir qismi, yəni, yüz minlərlə soydaşımız Bakıya pənah gətirməli oldu. O zaman 5-6 yaşında gələn uşaqların indi ailəsi, övladları var. Yəni, böyük artım yaranıb. Təbii ki, o qədər əhalinin artımını da hesablasaq bu faktın Bakının demoqrafik durumuna nə qədər ciddi təsir göstərdiyi aydın olar. Ancaq təkcə bu deyil.

Ali məktəblərin sayının artması ilə minlərlə tələbənin Bakıya gəlməsi də problemin miqyasının böyüməsinə müəyyən təsir göstərməkdədir. Bundan əlavə, bölgələrdən işləmək üçün paytaxta üz tutanların da sayı az deyil. Təxmini hesablamalara görə, hazırda Bakıda bir milyondan artıq avtomobil var. Rayonlarımızdan gələnləri də əlavə etsək çox böyük bir rəqəm alınar. Bakının avtomobil arteriyaları isə bu yükü çəkə bilmir. Xatırladaq ki, Bakının küçə və prospektlərinin əksəriyyəti 1950-1960-ci illərdəki əhali və avtomobil sayına görə hesablanaraq salınıb. Ancaq indiki yol şəraiti günün tələbinə uyğun gəlmir. İş yerinə, məktəbə, xəstəxanaya və digər ünvanlara getmək və vaxtında çatmaq demək olar ki, mümkün deyil. Bəzən sərnişinlər marşrut avtobuslarına minə bilmədiklərindən ikincisini, üçüncüsünü gözləməli olurlar. Uzun tıxaclar yarandığından avtobuslar dayanacağa bəzən yarım saat gecikmə ilə yetişir. Minənlər də "xoşbəxt" olmurlar. Çünki on-on beş dəqiqəlik yolda mənzil başına bəzən bir saata, saat yarıma çatırlar.

Sentyabrın 15-də dərs ilinin başlaması ilə əlaqədar küçə və prospektlərdə tixaclar dözülməz həddə çatıb. Qısaca desək, tıxaclar şəhər həyatının ahəngini pozmaqda davam edir. Əhalinin böyük bir qismini daşıyan metroda da sıxlıqdır. Sərnişinlər bəzən iki-üç qatarı buraxmalı olurlar. Çünki vaqonlar tamamilə dolu gəlir və ayaq basmağa yer olmur. Təəccüb doğuran odur ki, aidiyyəti təşkilatlar illər boyu bu barədə konkret tədbirlər görmək əvəzinə yalnız gileylənməklə işlərini bitmiş hesab edirlər.

Milli Məclisin deputatı Fazil Mustafa hər birimizi narahat edən bu məsələ ilə bağlı öz fikirlərini bildirib: "Tıxacla bağlı heç bir ciddi dəyişiklik olmayacaq. Bu, həlli nəzərdə tutulmayan məsələdir. Ona görə ki, bu istiqamətdə ciddi şəkildə müzakirə də aparılmır.  Sanki kimlərsə tıxacın olmasında maraqlıdır. Dəfələrlə bu məsələni qaldırmışıq. Tıxac uzun illərdir Bakının əsas problemlərindən birinə çevrilib. İnfrastruktur elə qurulub ki, dəyişmək mümkün deyil və buna niyyət də yoxdur. Dünyada belə proseslərin həlli istiqamətində çıxış yolları axtarılır.

Oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra vəziyyətin necə olacağına gəlincə, deputat qeyd edib ki, yeni vəziyyətin yaranacağı absurd fikirdir: Guya taksilər dayansa nə olacaq?"

Doğrudur, bu, çıxış yolu deyil. Çünki bir çox küçələr çox dardır və onu genişləndirmək mümkün deyil. Çıxış yolu nazirliklərin, ali məktəblərin, kolleclərin, mehmanxanaların, xəstəxanaların, böyük şirkətlərin, sadlıq saraylarının, elmi-tədqiqat institutlarının bəzilərinin şəhər ətrafına çıxarılmasıdır. Buna imkanlar da var. Qalır bu imkanların işə salınması və hərəkəti iflic edən tıxacların aradan qaldırılması. Mümkün olacaqmı?..

Vəli İlyasov, "İki sahil"