Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri həyata keçirir. Xalqımız ordumuzu və dövlətimizi Vətən müharibəsində olduğu kimi, ürəkdən dəstəkləyir. Qəhrəman əsgər-zabitlərimiz Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirir.
Siyasi partiyalar lokal antiterror tədbirlərinə dəstək bəyanatı yayıblar. Amma AXCP, Müsavat Partiyası və REAL Partiyası bəyanatı imzalamayıblar. Bəs bu müxalif partiyalar Azərbaycanın separatizmə, terrorçulara qarşı mübarizəsini niyə dəstəkləmirlər? Onlar milli məsələdə xalqla, dövlətlə bir deyil. Belə vaxtda xalqa, dövlətlə bir olmayacaqsınızsa, başqa nə vaxt olacaqsınız? Bunun adı Dövlətə, Vətənə xəyanətdir.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərə qarşı lokal antiterror əməliyyat həyata keçirir: “Məqsəd ölkəmizin ərazisində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrin zərərsizləşdirilməsi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycandan çıxarılması və terrora son qoyulmasıdır. Azərbaycan Silahlı Qüvvələri heç vaxt imkan verməyəcək ki, Böyük Qayıdış layihəsinin qarşısını almaq istəyən qüvvələr bizim vətəndaşlarımıza mane olsun. Azərbaycan Ordusu öz ərazisində Ermənistanın oyunlarına imkan verməyəcək.”
“Bu, bizim milli məsələmizdir, bütün siyasi qüvvələr hamısı bir yerdə ola bilmirlərsə...” sualına gəlincə, A.Mollazadə bildirdi ki, mən bu məsələyə fikir bildirmək istəmirəm, əsasən Azərbaycan xalqı birdir, Silahlı Qüvvələrini, Ali Baş Komandanı dəstəkləyir: “Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda hamı bir yumruq kimi birləşib. Bəzi müxalif siyasi partiyaların lokal antiterror tədbirlərinə dəstək bəyanatını imzalamaması siyasi məsələ deyil.”
Cavid Əkbərov, “İki sahil”