2020-ci il 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə müvafiq olaraq erməni hərbi birləşmələri ölkəmizin ərazilərini tərk etməli olduqları halda üzərindən 3 il keçməsinə baxmayaraq hələ də Azərbaycanın Qarabağ inzibati ərazi vahidində öz mövcudluqlarını saxlamaqdadırlar. Qanunsuz fəaliyyət göstərməklə yanaşı, Azərbaycanın həm mülki, hərbi vətəndaşlarına, mülki və digər obyektlərinə qarşı təxribat və hətta terror aktları həyata keçirməkdədirlər. Bu, terror aktları son dönəmlərdə xüsusilə aktivləşdirilib. Bu gecə həm mülki vətəndaşlarımız, həm də Daxili İşlər Nazirliyinin əməkdaşlarının terror qurbanı oldular. Bunun müqabilində Azərbaycan təbii olaraq öz ərazisində konstitusiya quruluşunu bərpa etmək və terrorçulara qarşı antiterror tədbirləri həyata keçirmək hüququnu əsas tutaraq həmin ərazilərdə antiterror tədbirlərinə başlayıb.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə bu prosesdə təbii ki, hər bir vətəndaş dövlətimizin və ordumuzun yanında olmalıdır. 2020-ci ilin 27 sentyabrında başlannan Vətən müharibəsi zamanı Azərbaycan fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Ali Baş Komandanın, Ordumuzun, əsgərimizin yanında olduğunu bəyan etdilər. İndi də ordumuz antiterror tədbirləri həyata keçirir və ölkədə fəaliyyət göstərən 23 siyasi partiya birgə bəyanat qəbul edib və Azərbaycan Ordusunun, dövlətinin və əsgərinin yanında olduğunu bir daha bəyan edib.
Arzuxan Əlizadə AXCP, Müsavat Partiyası və REAL Partiyasının həmin bəyanatı imzalamaması ilə bağlı bildirib ki, təəssüflər olsun ki, o zaman olduğu kimi, indi də bəzi siyasi təşkilatlar bu prosesə qoşulmadılar: "Bu dəfə də biz 3 siyasi partiyanın ümumi prosesə qoşulmamasının və bəzilərinin sonradan hansısa mövqe ilə çıxış etdiyinin şahidi olduq. Buna yalnız təəssüflənmək olar. Hesab edirəm ki, Vətənin belə günündə bütün siyasi, şəxsi və digər partiya maraqları arxa plana keçməlidir. Dövlət və milli maraqlar olan yerdə heç bir digər maraqlardan söhbət gedə bilməz. Hansısa bir cümləyə, sözə istinad edərək, bəhanə gətirməklə ümumi prosesə qoşulmamaq təbii ki, heç bir siyasi təşkilata başucalığı gətirmir. Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ərazisində olan terrorçuların zərərsiləşdirilməsi prosesinə dəstək verilməsinə qoşulmamaq heç bir ictimai-siyasi şəxsə və siyasi təşkilata, partiyaya başucalığı gətirə bilməz. Burada məsələ dövlət və milli maraqlardır. Dövlət və milli maraqlar olan yerdə digər bütün məsələlər arxa plana keçməlidir və hər kəs bir nəfər kimi dövlətin, ordunun, əsgərin yanında olmalıdır."
Arzuxan Əlizadə qeyd edib ki, Milli İstiqlal Partiyası olaraq da biz hər zaman bu mövqedən çıxış etmişik, bu gün də o mövqedəyik: "Bəyanatı imzalamaqla bir daha bundan sonrakı proseslərdə dövlətimizin, ordumuzun, əsgərimizin yanında olacağımızı bəyan etmişik və əlimizdən gələn istənilən dəstəyi də bundan sonra da verməyə hazırıq."
Yaqut Ağaşahqızı, “İki sahil”