19 sentyabr 2023 22:45
207

Yeni mina terroru: Bəs dünya hara baxır?

Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir: Bəs dünya hara baxır?

Son vaxtlar Ermənistan silahlı qüvvələrinin  Qarabağ iqtisadi rayonundakı qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar basdırması, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirmələri müşahidə olunmaqdadır. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar.Eməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalmaları böyük hiddət və qəzəb doğurur.  

Mina partlayışı bir daha göstərir ki, üçtərəfli Bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik törətməyə, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.Bu terror aktı Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını göstərir. Bu qanlı cinayət Ermənistanın Azərbaycana qarşı təcavüzünün mina terroru formasında davamıdır. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır.

Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi işğalçı ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır. Yaxşı olar ki,  beynəlxalq ictimaiyyət sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı qətiyyətlə pisləsin, həmçinin dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərsin!

Azərbaycan öz məqsədini, sülh məramını hər fürsətdə bildirir. Lakin Ermənistan tərəfi bu humanist addımların qarşılığında tamamilə əks mövqe sərgiləyir. Daha dəqiq desək torpaqlarımıza 1 milyondan çox mina basdırmaqla və heç şübhə yoxdur mina xəritələrini təqdim etməməklə öz terrorçu mövqeyini nümayiş etdirir. Ermənistanın Laçın yolundan istifadə etmək istəməsinin də xüsusi səbəbləri var. Onlar buradan minaları, hərbi texnika və silahları, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarını daşımaq niyyətindədirlər, lakin bu qətiyyən yolverilməzdir.

Sülh prosesinə maneçilik törədən Ermənistan tərəfi bu təxribatlara əl atmaqla danışıqlara kölgə salmaq məqsədi güdür. Qeyd edək ki, tez-tez mövqelərimizi atəşə tutan və cavab tədbirləri ilə susdurulan ermənilər niyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan dövləti bütün proseslərə nəzarət edir. Ordumuz hər zaman olduğu kimi, indi də istənilən təxribata adekvat cavab verir. Təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Buna görə də öz siyasətini əsassız iddialar üzərində quran Ermənistan nə qədər ki, gec deyil, düşmənçilik siyasətindən, boş xülya olan ərazi iddialarından əl çəkməlidir. Yoxsa, qarşısında öz hüquqlarını müdafiə etmək, istənilən hərbi vəzifəni icra etmək gücünə qadir olan qüdrətli Azərbaycan Ordusunu görəcək. Necə deyərlər, nə əkərsən, onu da biçərsən…

Yaqut Ağaşahqızı, “İki sahil”