19 sentyabr 2023 21:18
350

Lokal antiterror tədbirləri Azərbaycanın suveren hüququdur - Kamran Bayramov

"Ölkəmizin keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren haqqıdır. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter aldığını müşahidə edirik. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Lakin  Azərbaycanın səylərinə baxmayaraq, ötən 3 il ərzində təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi.  Ermənistan, hər zaman üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozmağa, çirkin əməllərini davam etdirməyə çalışdı. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanına Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralananlar var."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, heç bir günahı olmayan sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak olmasına göz yummaq olmazdı. Bu baxımdan Azərbaycan hökuməti lokal xarakterli antterror tədbirləri keçirmək məcburiyyətində qaldı. Vətəndaşların daim qorxu altında yaşaması qəbuledilməzdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Artıq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Deputat diqqətə çatdırıb ki, tədbirlər çərçivəsində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. 

K.Bayramov əlavə edib ki, keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.