20 sentyabr 2023 00:10
290

Onların bir adı var: Simasızlar və riyakarlar

AXCP, Müsavat Partiyası və ReAL Partiyası siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxmaqla siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduğunu  bir daha nümayiş etdirdilər

2020-ci il sentyabrın 27-də başlayan  qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistanın silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı  30 illik işğaldan azad etdi. Mənfur düşmən kapitulyasiya aktına imza atdı. Qazandığımız şanlı Zəfər nəticəsində tarixi ədalət bərpa olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi.

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri aparan Azərbaycan dövləti sülh gündəliyinə sadiqlik nümayiş etdirib. Ancaq Ermənistan bu günə qədər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın təkliflərinə, o cümlədən bütün kommunikasiyaların açılmasına, delimitasiya prosesinin irəlilədilməsinə, sülh sazişinin qısa müddətdə imzalanmasına bütün vasitələrlə maneə yaradır. Ölkəmizin konstruktiv mövqeyinin və addımlarının qarşılığında Ermənistan davamlı hərbi-siyasi təxribatlar törədib öhdəliklərinə zidd olaraq suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləyib.  Bu ölkə üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb, həmçinin mina təhdidini davam etdirib. 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Ermənistanın Azərbaycanın Konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək bəyanatı qəbul ediblər.

Bəyanatda bildirilir: “Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq”.

Çox təəssüf ki, hər zaman olduğu kimi, milli maraqlarımıza zidd mövqe sərgiləyən antimilli ünsürlər, daha dəqiq desək, AXCP, Müsavat Partiyası və ReAL Partiyası Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd yanaşma ortaya qoyaraq bəyanata qoşulmayıblar. Bu satqınlar xalqımızın haqq işi uğrunda döyüşən ordumuzun və öz Ali Baş Komandanının ətrafında sıx birləşdiyi günlərdə  özlərinin xəyanətkar xislətlərinii bir daha nümayiş etdirdilər.

Məsələ burasındadır ki, hələ 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsi zamanı siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxan bu ünsürlər satqın, xəyanətkar mövqelərini davam etdirərək Ermənistanın havadarlarının diktəsi ilə hərəkət edirlər. Bu fakt onların riyakar və simasız olduğunu siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduqlarını təsdiqləyir.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Bütün cəmiyyətimiz yaxşı bilir ki, AXC-Müsavat qaragüruhunun xəyanəti nəticəsində torpaqlarımız ötən əsrin 90-cı illərinin əvəllərində işğal olundu. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Nəticədə Qarabağ və Şərqi Zəngəzur Ermənistan tərəfindən işğal edildi.

Bu gün AXCP-nin, Müsavat Partiyasının, ReAl-ın başbilənləri  və onların tör-töküntüləri bilməlidirlər ki, xalqımıza yaşadılan o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, onların satqınlığı, səriştəsizliyi ucbatından Qarabağın erməni işğalına məruz qalması, eləcə də Ermənistanın havadarlarının diktəsi ilə davranaraq tərəddüd etmədən milli maraqlarımıza xəyanət etmələri tarixin və xalqmızın yaddaşından heç vaxt silinməyəcək.

Zahid Rza, “İki sahil”