Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən ötən 3 il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə fəaliyyət göstərən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər ediblər, həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, bu tipli fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaq ardına vurulub. Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan Silahlı Qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da 6 nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu. Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşırılmasına yönəlib.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.
Deputat qeyd edib ki, xalqımız Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərini dəstəkləyir. Vətən müharibəsində olduğu kimi indi də xalqımız dövlətinin, ordusunun yanındadır. Antiterror tədbirlərinə dəstəklə bağlı siyasi partiyalar da bəyanat qəbul ediblər. Amma çox təəsüfləndirici haldır ki, AXCP, Müsavat Partiyası və REAL Partiyası bəyanatı imzalamaqdan imtina etdilər. Əslində biz eyni halla 44 günlük İkinci Qarabağ müharibəsində də rastlaşmışdıq. Həmin vaxt da partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayan bu ünsürlər yenə də “ənənələrinə” sadiq qalaraq milli həmrəyliyə qarşı mövqe tuturlar. Milli məsələdə, xalqın, dövləti yanında olmayacaqlarsa, bəs nə vaxt olacaqlar? Axı Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirləri siyasət üstü bir məsələdir. Xalqımız bir yumruq kimi birləşərək bu şərəfli işdə də möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləyir. Mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələr bu məsələdə həmrəylik nümayiş etdirməlidirlər.
Sadiq Qurbanov qeyd edib ki, AXCP, Müsavat Partiyası və REAL Partiyasının milli məsələdə xalqın, dövlətin yanında olmamaları, Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd yanaşma ortaya qoymalarının adı xəyanətdir. Bu fakt bir daha təsdiq eşdir ki, bu qüvvələr Ermənistanın havadarlarının diktəsi ilə hərəkət edirlər. Amma onlar unutmasınlar ki, xalqımız kimin kim olduğunu yaxşı bilir. Xalqımız bu qüvvələrin riyakarlığını, xəyanətkar mövqeyini unutmayacaq və onların cavabını verəcək.