Azərbaycan Ordusu tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirilir. Antiterror tədbirlərinin həyata keçirilməsini zəruri edən bir çox səbəblər oldu. Faktiki olaraq, separatçılar Azərbaycana reinteqrasiyanı qəbul etmədilər, onların arxasında duran qüvvələr bunları qızışdırdılar. Son dövrlərdə də onların qanunsuz silahlı birləşməsinin təmsilçiləri dəfələrlə təxribatlar törətdi, eləcə də Xankəndinin özündə təxribatlar oldu, süni “humanitar fəlakət” şouları yaradıldı. Faktiki olaraq, ölkəmizin ərazisində Ermənistan Silahlı Qüvvələrinin 10 min nəfərə yaxın hərbçisi var. Bütün bunlar dözülməz bir hal idi. Nəhayət, dövlətimiz qərar verdi və Ordumuz əlin daşın altına qoydu. Əsas məqsədi Azərbaycan qanunlarının və nizamın yaradılmasıdır. Belə olan ölkənin bütün siyasi cameəsi, mediası, vətəndaş cəmiyyətinin üzvləri hamısı vahid mövqedən çıxış etməlidir.
Bu fikirləri “İki sahil”ə açıqlamasnda Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Partiya sədri qeyd edib ki, bu məsələ ilə bağlı ölkənin siyasi partiyaları vahid mövqedən çıxış edərək dəstək Bəyanatı imzalayıblar. Əslində bütün siyasi partiyalar demək olmaz , çünki AXCP, Müsavat və REAL partiyaları istisna təşkil edir. Bu da onunla bağlıdır ki, anti-Azərbaycan qüvvələr ölkəmizin daxilində onların maraqlarına uyğun fəaliyyət göstərən siyasi qüvvələrlə əməkdaşlığa üstünlük verirlər. Yeri gələndə, onları istiqamətləndirirlər, onlardan istifadə edirlər. Konkret indiki halda siyasi partiyaların birgə əməkdaşlığına imza atmamaq Azərbaycanı kürəyinə vurulan xəncərdir. Bu, 3 siyasi partiyanın xəyanəti kimi qiymətləndirilməlidir. Onların bu əməlləri qətiyyətlə pislənilməli, çox sərt təpki verilməlidir.
Elşad Musayev vurğulayıb ki, nəhayət Azərbaycan cəmiyyəti bilməlidir ki, ölkənin milli qüvvələri kimidir, demokratik qüvvələri kimdir, Azərbaycanın çörəyini yeyib, suyunu içən və dar gündə Azərbaycan arxa çevirən qüvvələr kimlərdir. Hesab edirəm ki, AXCP, Müsavat və REAL-ın tutduğu mövqe xəyanətdən başqa bir şey deyil və biz bu mövqeyi qətiyyətlə pisləyirik.
Yaqut Ağaşahqızı, “İki sahil”