AXCP, Müsavat və REAL partiyalarının üzvlərini öz rəhbərlərinin hərəkətinə siyasi qiymət verməyə çağırıram
Bildiyiniz kimi, 26 siyasi partiya dövlət qeydiyyatından təkrar keçib. Onlardan 23 partiya Azərbaycan dövlətinin Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən lokal hərbi əməliyyatları dəstəklədi. Bu, təbii ki, ən doğru mövqedir. Çünki Ermənistan ötən 3 il ərzində 10 noyabr Üçtərəfli Bəyanatın tələblərinə əməl etməyib. Həmin Bəyanatın dördüncü bəndinə əsasən Ermənistan silahlı qüvvələri oradan çəkilməli idi. Bu, olmadı, əksinə orada möhkəmlənməyə çalışdılar, hərbi iştiraklarını gücləndirirdilər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar nəticə çıxarmadılar. Ona görə də təbii ki, Azərbaycan lokal çərçivədə mülki əhalini hədəf almamaqla antiterror tədbiri həyata keçirdi. Birmənalı şəkildə qeyd edirəm ki, Azərbaycan cəmiyyəti, siyasi qüvvələr bu antiterror tədbirini dəstəklədi. Belə vəziyyətdə bütün siyasi qüvvələr birlik nümayiş etdirməlidirlər.
Bu fikirləri “İki sahil”ə açıqlamasnda Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Partiya sədri qeyd edib ki, həm dost, həm düşmən, həm də onların havadarları görsün ki, Azərbaycan cəmiyyəti və siyasi qüvvələri Vətənin suverenliyi məsələsində yekdil mövqedədirlər. Belə olan təqdirdə, mən təəssüf edirəm ki, AXCP, Müsavat və REAL partiyaları düşmənə və dosta birliyimizi göstərmək fürsətini əldən buraxdılar, kənarda qaldılar. Ola bilər ki, bizə avtobus müxalifəti deyirdilər. Onlar özlərinə bəraət qazandırmaq istəyirlər ki, guya həqiqi müxalifətdirlər. Vətənə də müxalifət olmaq olar?
Tahir Kərimli deyib ki, mən bunu başa düşə bilmirəm. Təəssüf edirəm ki, onlar dövlət maraqlarına qarşıdırlar. Xəcalət hissi də var müəyyən qədər ki, bu insanları vaxtında tanımamışıq. Necə ola bilər ki, bir kəlmə ermənin əleyhinə bir bəyanat verməyəsən? Azərbaycan dövlətini müdafiə etməmək - bu, hansı çərçivəyə sığır. Təəssüf hissi keçirirəm və həmin partiyaların üzvlərini öz rəhbərlərinin hərəkətinə siyasi qiymət verməyə çağırıram.
Yaqut Ağaşahqızı, “İki sahil”