20 sentyabr 2023 10:09
2973

Əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi bu əlaqələrin inkişafına yeni bir təkan verəcəkdir.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya  ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb  edir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər  dövlətləri birgə əməkdaşlığa səsləyir. Müşavirədəki çıxışında dövlətimizin başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.
Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağı gözlənilir.
Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Bu xüsusda, fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir”.
Mərkəzi Asiya ölkələri ilə möhkəm və uzunmüddətli əməkdaşlığın qurulması və bugünədək yüksələn xətt üzrə inkişaf etdirilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin nəticəsidir.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.

Məhz iki liderin səyləri ilə 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlər yaradılıb, 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu münasibətlərin davamı kimi ölkələrimiz arasında müxtəlif illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa, dostluq və tərəfdaşlığa zəmin yaradan sənədlər imzalanıb. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan–Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır.
 

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı