21 sentyabr 2023 00:58
1280

Alın…a! Yana-yana qalın…a!

Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, separatçı silahlı qüvvələrin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə bölgədə ordumuz tərəfindən aparılan lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Bu prosesdə Ermənistan özünü aydan arı, sudan duru aparmağa çalışdı. Hətta təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan bildirdi ki, guya Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Hətta utanıb-qızarmadan vurğuladı ki, ümumiyyətlə, Ermənistan Respublikasının Qarabağda ordusu yoxdur.

Əvvəla, qeyd edək ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra 3 ölkə arasında imzalanmış 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən,  Ermənistan silahlı qüvvələrinin qalıqları bölgədən çıxarılmalı idi. Amma o vaxtdan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu məsələ hələ də öz həllini tapmamışdı. Elə bu səbəbdən Ermənistan ordusunun 10 minə yaxın hərbi qulluqçusu bölgədə, daha doğrusu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qalmışdı. Onlar da demək olar ki, hər gün Xankəndidəki separatçı qüvvələrlə birgə mövqelərimizi atəşə tuturdular, minalar basdırırdılar, səngərlər qazırdılar, yaxud da digər təxribatlar törədirdilər. Bütün bunlar azmış kimi Hayastan Qarabağda yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə  çalışırdı. Bu faktlar Ermənistan ordusunun qalıqlarının Qarabağda olmasının təsdiqi deyildimi? Halbuki Xankəndi və ətrafındakı torpaqlar Azərbaycanın suveren ərazisidir, orada Ermənistan silahlı qüvvələrinin qalıqlarının varlığı qəbuledilməzdir. Təəssüf ki, .bəzi beynəlxalq dairələr bu məsələdə yenə də Ermənistana dəstək verməkdə davam etdilər. Hətta Fransa Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını istədi.

Üstəlik, hazırda Ermənistanda bölgəyə yeni qüvvələrin yeridilməsi ilə bağlı fikirlər səsləndi. Məsələn, erməni politoloq Hrant Melik-Şahnazaryan “Facebook” səhifəsində yazdı ki,  “artsax”a hərbi yardım da göstərilməlidir: “Əgər Ermənistan silahlı qüvvələri  bu gün “artsax”ın blokadasını yarmağa cəhd etməsə, sabah müharibə Ermənistan Respublikasının ərazisinə keçəcək”. 

Bütün bunları analiz edəndə belə qərara gəlmək olar ki, Ermənistan və onun havadarları bölgədə gərginlik yaratmaq məqsədilə məhz həmin qüvvələrdən istifadə edirdilər. Şübhəsiz, Ermənistan hakimiyyəti bu yolla öz ömrünü uzatmağa çalışırdı. Belə ki, son vaxtlar Nikol Paşinyan hakimiyyətinin reytinqi aşağı düşüb. Bu, sentyabrın 17-də İrəvanda keçirilən ağsaqqalar şurasına seçkilərdə də özünü göstərdi. Belə ki, onun mənsub olduğu partiya 28 faiz səs topladı. Halbuki bu göstərici əvvəllər 81 faiz olmuşdu. Nikol nüfuzunu artırmaq, hakimiyyətini qoruyub saxlamaq məqsədilə müxtəlif yollar axtarırdı ki, həmin yollardan biri də məhz Qarabağda gərginlik yaradlılmasından ibarət idi. Elə təxribatların seçkilərdən sonra artması da bundan qaynaqlanırdı.

Prezident İlham Əliyev  Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu dəfələrlə vurğulayıb. Elə sentyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu narahatlığın günbəgün artdığını vurğulamaqla yanaşı, bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Bəli, regiona sülh və əmin-amanlıq gətirmək, təhlükəsizliyi və digər məsələləri təmin etmək üçün bu problem mütləq aradan qaldırılmalı  idi.  Azərbaycan da məhz bu problemi aradan qaldırmaq məqsədilə antiterror əməliyyatları aparırdı. 2022-ci il sentyabrın 19-da Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində yaranmış gərginlik elə təcavüzkar ölkənin öz başında çatladı. Belə ki, Azərbaycan Ordusu təkcə Ermənistanın atəş nöqtələrini susdurmaqla kifayətlənmədi, oradakı hərbi infrastruktunu məhv etdi, eyni zamanda, çox mühüm  yüksəklikləri nəzarətə götürdü ki, həmin strateji ərazilər bölgəyə nəzarət etmək nöqteyi-nəzərindən olduqca vacibdir.

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə əldə olunan razılığa əsasən isə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Bu yerdə Mayakovskinin bir şeirindəki bu misraları da xatırlamaq yerinə düşərdi: Alın… a! Yana-yana qalın…a!

Qvami Məhəbbətoğlu, “İki sahil”