21 sentyabr 2023 16:09
285

Azərbaycan İndoneziya Ticarət Sərgisində iştirak edəcək

Azərbaycan oktyabrın 18-22-də keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) sərgisində iştirak edəcək.

Bu barədə "İki sahil"ə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar, AZPROMO sərginin təbliğatı məqsədilə İndoneziyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində təmsil olunub.

Tədbirdə İndoneziyada keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələrimizin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi üçün yaratdığı imkanlar müzakirə olunub.

İndoneziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi ölkəsinin Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir oktyabrda Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.

Qeyd edək ki, 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.