21 sentyabr 2023 16:27
285

Qondarma "seçki" ilə Azərbaycanın “qırmızı xətti”ni keçdilər

Erməni separatçıları silahlarını yerə qoyublar

24 saatdan az müddətdə Azərbaycanın antiteror tədbiri ilə vəziyyət dəyişdi. Cümə axşamı separatçılarla Bakı arasında müzakirələr açılmalıdır. Ermənistan münaqişədən kənarda qaldı. Fransanın tanınmış yazarlarından olan Jan Dominik Merşenin “L’Opinion” qəzetində çıxan məqaləsinə bu başlığı verib.

Müəllif məqaləsinə belə başlayır:  “Dağlıq Qarabağın erməni separatçı qüvvələri bir gün əvvəl antiterror tədbirlərinə başlayan Azərbaycan ordusuna qarşı bir sıra uğursuzluqlardan sonra atəşkəs razılaşmasının şərtlərini qəbul etdiklərini çərşənbə günü elan ediblər. Separatçıların verdikləri məlumata görə, Rusiyanın təklif etdiyi və bu çərşənbə yerli vaxtla saat 13:00-da qüvvəyə minən saziş bölgədəki erməni qüvvələrinin buraxılmasını, tərksilah edilməsini, habelə nizami Ermənistan silahlılarının bölgədən çıxarılmasını nəzərdə tutur. Ərazinin və orada yaşayan ermənilərin gələcəyi ilə bağlı müzakirələr cümə axşamı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında aparılacaq. Sonra jurnalist qeyd edir ki, “ hazırda Dağlıq Qarabağ münaqişəsinin yekun aktı bəlkə də oynanılmaqdadır. Görünən odur ki, çərşənbə axşamı günorta başlayan Azərbaycanın antiterror tədbir iyirmi dörd saatdan az müddətdə öz məqsədinə çatıb. Erməni qüvvələri müqavimət göstərə bilmədilər və faktiki olaraq təslim oldular. İki tərəf arasında çərşənbə günü atəşkəs əldə olunub və danışıqlar cümə axşamı Yevlaxda (Azərbaycan) başlamalıdır.” Fransalı jurnalist daha sonra bildirir ki, “Yəqin ki, bundan sonra bölgədə başqa hadisələr cərəyan edəcək. Qafqazın geosiyasi xəritəsi gözümüzün qabağında yenicə dəyişib. Fakt budur ki, separatçı Dağlıq Qarabağ bölgəsinin erməniləri beynəlxalq etirazlara da baxmayaraq, məğlub tərəfdir. Bununla yanaşı regional miqyasda və Ermənistanda siyasi devrilmənin qarşısını almaqla Rusiya “yaxın xaricdə”, yəni keçmiş imperiyasında təsirini itirə bilər.”

 Cənab Merşe daha somra əlavə edir ki, “Bölgədə vəziyyət 2020-ci ilin payızından Ermənistanın ilk hərbi məğlubiyyətindən sonra dondurulmuş halda idi. Qalan sadəcə 3000 km²-lik kiçik bir anklav idi ki, biz bunu Fransa departamentinin yarısı boyda ərazi ilə müqayisə edə bilərik..... Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Ermənilərin fikrincə, Qarabağda 120 min əhali yaşayır, Azərbaycanın mübahisələndirdiyi rəqəmə görə isə söhbət 50 min nəfərə qədər sakindən gedir.”

Jan Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyova istinadən bildirir ki, Azərbaycanın “qırmızı xətti” sentyabrın 9-da  Qarabağdakı qondarma rejimin “yeni prezidenti”nin “seçilməsi” ilə keçilib. Bu, Bakı üçün “qırmızı xətt” idi.... uzun müddətdir hazırlanmış əməliyyatın detonatoru Azərbaycanın verdiyi məlumata görə bazar ertəsi Ermənistan hərbçiləri tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində 11 nəfərin həlak olması olub. Azərbaycan Ermənistanı Qarabağda təqribən 10 000 əsgərdən ibarət kontingent saxlamaqda günahlandırır. Onların cəmisi 3 000-i yerli əsgərlərdir. İrəvan bunu təkzib edib, lakin bu təkzib o qədər də inandırıcı deyil. Bu hərbi mövcudluq 2020-ci il müqavilələrinə zidd idi. Çərşənbə axşamı başlayan antiterror əməliyyatı zamanı məhz bu silahlı qüvvələrə hücum edilib. Azərbaycanın hərbi üstünlüyü danılmazdır. Ölkəni xüsusilə Türkiyə və İsrail dəstəkləyir.”- deyə cənab Merşe qeyd edir.

Uğurlu antiterror tədbirlərimiz barəsində oxuculara məlumat verən jurnalist qeyd edir ki, “İyirmi dörd saatdan az müddətdə onun pilotsuz təyyarələri və artilleriya qurğuları əksəriyyəti Rusiya mənşəli olan hərbi aktivlərə (radar, elektron müharibə, zenit sistemləri) hücum etdi və şübhəsiz ki, təmas xəttində 90 döyüş mövqeyini “zərərsizləşdirdi”. Bakı əmin edir ki, onun qoşunları ermənilər yaşayan şəhər və kəndlərə girmək niyyətində deyildi.... İndi Azərbaycan Respublikasının tərkibində bu erməni əhalisinin taleyi necə olacaq? Bakı hakimiyyəti onların orada qala biləcəyinə inandırır və nümayəndələri ilə danışıqlar yolu ilə onların “reinteqrasiya”sını nəzərdən keçirir....”  

“Tarixi səhv” yarımbaşlığı da məqalədə diqqəti cəlb edir. "Bu yeni məğlubiyyətin Ermənistanın özündə də nəticələri olacaq. Çərşənbə axşamı axşam saatlarında nümayişçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumətin qərargahını mühasirəyə alıblar. Paşinyan Azərbaycan çərşənbə axşamı hücuma keçən kimi “Ermənistanı hərbi eskalasiyaya sürükləməyə çalışan daxili və xarici qüvvələrə qarşı” xəbərdarlıq edərək, münaqişədən kənarda qalmaq niyyətini bildirib. Bu demokratik və qərbyönlü lider hətta daha radikal ünsürlərin “dövlət çevrilişi” təhlükəsindən də bəhs danışıb. Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra öz torpaqlarında ordusu və sərhədçiləri olan Moskvanın himayəsindən yararlanıb. Rusiyanın dəstəyi hətta Ermənistanın Azərbaycana qarşı birinci Qarabağ müharibəsində (1988-1994) qalib gəlməsinə imkan verib. Avropalı diplomatların sözlərinə görə, 2020 və 2023-cü illərdəki məğlubiyyətlər ona göstərir ki, “Rusiyanın həyat sığortası” artıq işləmir. Çərşənbə axşamı Rusiya kontingenti əzmkarlıq nümayiş etdirərək, mülki əhalinin atəş altında olan əraziləri boşaltmasına kömək etməklə kifayətlənib. Baş nazir Paşinyan bundan istifadə edərək ölkəsinin Moskvadan getdikcə uzaqlaşaraq Qərbə doğru istiqamətini sürətləndirə bilər. “Təhlükəsizliyimiz üçün Rusiyadan asılılığımız tarixi səhv idi”, o, sentyabrın 3-də Ermənistanda ABŞ-la hərbi təlimlər keçirilərkən bu sözləri ilə etiraf edib. Bununla belə, ölkədə rusiyayönümlü cərəyanlar öz təsirini saxlayır. Dağlıq Qarabağdakı məğlubiyyət ilə onlar Paşinyanı devirmək cəhdində millətçi közləri qızışdıra bildilər.....” kimi fikirlərini fransız oxucusuna çatdıran müəllif bu yazısı ilə müəyyən mənada obyektiv mövqe göstərmək istəyib.